TÜİB-in təşkilatçılığı ilə sahibkarların KOBİA və Vergi Xidməti rəsmiləri ilə görüşü keçirilib.
Bakıda Türkiyə Katılım Bankaları Birliyinin nümayəndələri ilə - GÖRÜŞ KEÇİRİLİB
FED.az xəbər verir ki, iyunun 22-də Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) üzvlərinin dövlət qurumları ilə görüşü «Bakı KOB Evi»ndə baş tutub.
Dövlət Vergi Xidməti (DVX) Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) rəsmilərinin TÜİB üzvləri ilə görüşündə əsas müzakirə mövzusu vergi sahəsində aparılan islahatar və TÜİB üzvlərini maraqlandıran sualların cavablandırılması olub.
Vergi Xidmətinin sədrinin müşaviri Arif Quliyev, KOBİA İdarə Heyətinin sədr müavini Hikmət Məmmədov və Dövlət Vergi Xidmətinin rəsmiləri – Vergi siyasəti baş idarəsinin Vergi Qanunvericiliyi İdarəsinin rəisi Rəşad Nuriyev, Bəyannamələr və kameral yoxlamalarına nəzarət Baş İdarəsinin şöbə rəisi Emil Əzizli, Baş Dövlət vergi müfəttişi Kənan Əliyev və Dövlət Vergi müfəttişi Fariz Salahov sahibkarların vergi sektoru ilə bağlı suallarını cavablandırıb, yeniliklər barədə məlumat veriblər.
Tədbirdə KOBİA-nın fəaliyyəti ilə bağlı geniş təqdimat keçirilib, burada qurumun məqsədləri, fəaliyyət prinsipləri, həyata keçirdiyi işlər, sahibkarlara dəstək mexanizmləri nümayin etdirilib. Eləcə də kiçik və orta sahibkarlığını inkişafı, onların ölkə iqtisadiyyatındakı mövqeyi ilə bağlı mövcud vəziyyət və proqnozları açıqlanıb.
Bildirilib ki, əsas məqsəd KOB-ların iqtisadi inkişafda rolunun, ÜDM-də və məşğulluqda payının artırılması, rəqabət qabiliyyətinin gücləndirilməsi, ölkədə gündəlik istehlak malları ilə təminatın əsasən KOB subyektləri vasitəsilə həyata keçirilməsi və onların xarici bazarlara çıxış imkanlarının genişləndirilməsidir.
Daha sonra qeyd olunub ki, hazırda ölkədə 1 milyon 435 min KOB subyeti var, onların 1 milyon 249 mini sahibkar, 186 mini isə şirkətdir.
Təqdimatda bildirilib ki, 2021-ci ildə qeyri-neft-qaz ÜDM-in artımı 7,2% olduğu halda, 2026-cı ildə bu rəqəm 1,3 dəfəyə yüksələcək. Qeyri-neft-qaz sektorunda KOB-ların payı isə 2020-ci ildəki 23,5%-dən, 2026-cı ildə 35%-ə yüksələcək. Eləcə də qeyri-neft/qaz sektoruna investisiyaların cəlbi, onların ixracda və məşğulluqda payının artması gözlənilir.
Bu işlərin həyata keçirilməsi üçün KOBİA sahibkarlara KOB evləri və KOB dostları ilə dəstək verir. Hazırda ölkənin müxtəlif regionlarında 42 KOB dostu ofisi və 48 KOB dostu fəaliyyət göstərir.
Burada sahibkarlara «Biznesi planla», «Biznesə başla», «Biznesi işlət», «Biznesi inkişaf etdir» kimi istiqamətlərdə dəstək göstərilir.
Dövlət Vergi Xidmətinin nümaynədələri isə TÜİB üzvləri və iştirakçılar qarşısında yeni formalaşdırılacaq «Vergi Ombudsmanı» ilə bağlı təqdimat ediblər. Bildirilib ki, yeni xidmətin məqsədi Vergi ödəyicilərinin hüquqları və qanuni mənafelərini müdafiə etmək, hüquqların pozulması faktlarını həm qanunvericilikdə həm də inzibati praktikada aşkar etmək və pozulmuş hüquqların bərpasına köməklik etməkdir.
Bu məqsədlə Ombudsman xidməti sahibkarlarla təmasda olacaq, onlarla bağlı prosesləri izləyəcək, qanunvericiliyi analiz edərək rəy bildirəcək. Təqdimatda sahibkarların Vergi Ombudsmanına müraciət üsulları və onların hüquqlarının qorunması mexanizmləri də açıqlanıb.
Tədbirdə iştirak edən TÜİB üzvləri onları maraqlandıran məsələlər barədə sualların qaldırmaqla yanaşı, bir sıra məsələlərlə bağlı təkliflərini də səsləndiriblər. Bütün təkliflər diqqətlə dinlənilib və onlara şərhlər verilib, iş adamları və sahibkarlar görüşdən olduqca razı qalıb, dövlət qurumları ilə belə görüşlərin davam etdirilməsini vacib sayıblar.
Tədbirin sonunda rəsmi qonaqlara “Cocuq Mərcanlı Suvenir Mərkəzi”ndə istehsal edilən suvenirlər təqdim edilib.