ABŞ Prezidenti Donald Trampın sosial media platforması Truth Social bazarlara təsir göstərə bilən paylaşımlara sürətli çıxış imkanını maliyyə şirkətlərinə ödənişli əsaslarla təqdim etməyə hazırlaşır.
FED.az xəbər verir ki, Truth Social-ın sahibi Trump Media & Technology Group (TMTG) “Truth API” adlı yeni məlumat xidmətini istifadəyə verəcək. Xidmətin institusional müştərilər üçün 1 avqust 2026-cı il tarixindən əlçatan olacağı gözlənilir.
Şirkətin rəsmi açıqlamasına görə, yeni xidmət Truth Social-dakı ən nüfuzlu hesabların paylaşımlarını müştərilərə lisenziyalı və real vaxt rejimində çatdıracaq. TMTG xidmət istifadəyə verilməmişdən əvvəl artıq bir sıra müştərilərlə razılaşma əldə etdiyini bildirib. Abunə qiymətləri isə açıqlanmayıb. TMTG-nin rəsmi açıqlaması
Adi istifadəçilər üçün dəyişiklik yoxdur
Truth Social-dan adi qaydada istifadə etmək, paylaşımları oxumaq və Trampın hesabını izləmək ödənişli olmayacaq. Yeni xidmət birbaşa fiziki istifadəçilərə deyil, maliyyə bazarlarında operativ məlumat üstünlüyü əldə etmək istəyən təşkilatlara yönəlib.
“Truth API” paylaşımı adi tətbiq bildirişindən daha sürətli, millisaniyələr ərzində xüsusi elektron məlumat axını vasitəsilə çatdıracaq. Xidmət yüksək tezlikli və alqoritmik ticarət şirkətlərinin proqramları tərəfindən avtomatik oxuna bilən formatda işləyəcək.
Beləliklə, yayılan “Truth Social ödənişli olur” məlumatının doğru forması budur: platformanın özü deyil, ən nüfuzlu paylaşımlara daha sürətli və avtomatlaşdırılmış giriş xidməti ödənişli olacaq.
İlk mərhələdə 10 hesab izləniləcək
Yeni məlumat axını ilkin mərhələdə Truth Social-ın ən nüfuzlu 10 hesabını əhatə edəcək. Bu siyahıya Donald Trampın hesabı ilə yanaşı, Ağ Ev, Federal Təhqiqatlar Bürosunun direktoru Kaş Patel, Ağ Ev aparat rəhbərinin müavini Den Skavino və səhiyyə naziri Robert Kennedi kimi şəxslərin hesabları daxildir.
TMTG gələcəkdə daha yüksək ödəniş etməyə hazır olan müştərilər üçün izlənilən hesabların sayını artıra bilər. Xidmət günün 24 saatı işləyəcək və 2022-ci ildən bu günədək paylaşımların arxivini də təqdim edəcək.
Trampın paylaşımları bazarlara təsir edir
Truth Social paylaşımlarına sürətli girişin əsas müştəriləri banklar, maliyyə xəbərləri təşkilatları, hedc fondlar, yüksək tezlikli və alqoritmik ticarət şirkətləri olacaq.
Donald Tramp tariflər, Çinlə ticarət, hərbi əməliyyatlar və iqtisadi siyasətlə bağlı mühüm qərarları tez-tez Truth Social hesabı vasitəsilə açıqlayır. Bu paylaşımlar dünya fond, valyuta, istiqraz, əmtəə və enerji bazarlarında ani qiymət dəyişikliklərinə səbəb ola bilir.
Məsələn, 9 aprel 2025-ci ildə Trampın əksər qarşılıqlı tariflərin tətbiqini 90 gün müddətinə dayandıracağını açıqlamasından sonra Uoll-Strit indeksləri kəskin yüksəlmişdi. Məhz bu səbəbdən məlumatın adi bildirişdən bir neçə saniyə, hətta millisaniyə tez alınması avtomatlaşdırılmış ticarət aparan şirkətlər üçün maliyyə üstünlüyü yarada bilər.
Məlumatların qanunsuz toplanmasının qarşısı alınacaq
TMTG bildirir ki, bəzi şirkətlər aylardır Truth Social məlumatlarını platformanın istifadə şərtlərini pozaraq avtomatik üsulla toplayır və sonradan institusional müştərilərə satırlar.
“Truth API” həmin tələbi şirkətin nəzarəti altına gətirməli, məlumatların rəsmi və lisenziyalı kanalla ötürülməsini təmin etməlidir.
TMTG-nin müvəqqəti baş icraçı direktoru Kevin MakQern bildirib ki, bazarlar artıq Truth Social paylaşımlarına reaksiya verir və yeni xidmət şirkət üçün davamlı gəlir mənbəyinə çevrilə bilər.
Yeni gəlir axtarışı
Truth API TMTG-nin məlumatların lisenziyalaşdırılması biznesinə ilk addımıdır. Şirkət gələcəkdə Truth Social məlumatlarının süni intellekt modellərinin öyrədilməsi üçün texnologiya şirkətlərinə lisenziyalaşdırılması imkanını da nəzərdən keçirir.
Bu addım TMTG-nin əsas media fəaliyyətindən əldə etdiyi gəlirlərin hələ də məhdud olması fonunda atılır. Şirkətin reklam və abunələrdən ibarət media gəlirləri 2025-ci ildə cəmi 3,68 milyon dollar, xalis zərəri isə əsasən kriptovalyuta investisiyaları ilə bağlı mühasibat itkilərinin təsiri nəticəsində 712 milyon dollar təşkil edib.
Bərabər informasiya imkanları ilə bağlı mübahisə
Yeni xidmət maliyyə bazarlarında məlumatlara bərabər çıxışla bağlı suallar yaradıb. Tənqidçilər böyük maliyyə şirkətlərinin Trampın qərar və açıqlamalarını adi investorlardan daha tez alaraq ticarət üstünlüyü qazana biləcəyini bildirirlər.
ABŞ Senatının Maliyyə Komitəsində yüksək vəzifə tutan demokrat senator Ron Uayden xidmətin Uoll-Strit treyderlərinə və Tramp ailəsinə maliyyə faydası verəcəyini iddia edib.
Donald J. Trump Revocable Trust TMTG-nin təxminən 114,75 milyon səhminə və ya şirkətin səhmlərinin 41%-nə sahibdir. Trampın investisiyalarını idarə edən bu trast onun övladlarının nəzarətindədir.
Reuters-in danışdığı hüquq eksperti Robert Frençmanın fikrincə, belə çoxsəviyyəli məlumat yayımı ədalətsiz görünə bilər, lakin texnologiya platformasının ödəniş edən müştərilərə daha sürətli giriş təqdim etməsi hazırkı federal qiymətli kağızlar qanunvericiliyini pozmur.















