Azərbaycanda şadlıq saraylarında sifarişlərin sayı azalsa da, menyuların qiymətində isə bahalaşma qeydə alınıb.
Toysuz qalan şadlıq sarayları - PROBLEM
FED.az xəbər verir ki, İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) verilən məlumata görə, 2023-cü ilin iyul ayında şadlıq saraylarında sifarişlərin sayı 10.7 faiz azalıb.
Azalma iyul ayının ikinci yarısında Məhərrəmlik ayının başlaması ilə bağlıdır. Bununla yanaşı, şadlıq saraylarında iyul ayında qiymətlər də 5.2% artıb.
Xüsusən də 40 manatadək olan menyularda qiymət daha çox artıb: 6.3%. Qiyməti 40-80 manat olan menyular 5.6% yüksəlib. Dəyəri 100 manatdan çox olan menyuların qiymətində isə 4.1% artım qeydə alınıb.
Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin yanvar-iyun aylarına nisbətən 112,2% təşkil edib. Halbuki, yanvar-iyun aylarının yekununda illik inflyasiya 12,7% olmuşdu.
İstehlak qiymətləri indeksi ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 114,3%, qeyri-ərzaq məhsulları üzrə 111%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,4% təşkil edib.
Ötən ay isə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 99,3%, ötən ilin iyun ayına nisbətən 109,4% olub. (Trend)