Bu gün “Dubay Dünya Ticarət Mərkəzi”ndə (Dubai World Trade Center) qlobal tikinti sektorunun təkamülünə təkan verən “Böyük 5 Qlobal Liderlər Sammiti” işə başlayıb.
FED.az xəbər verir ki, sammit artan sənaye inkişafı və qlobal layihə artımı fonunda tikinti şirkətlərinin rəhbər və nümayəndələri üçün əsas və beynəlxalq tədbirdi. Beynəlxalq Sammitdə qlobal imkanları araşdırmaq üçün təsirli panel platformalar təqdim ediləcək, bu sahədə regenerasiya və sərmayəyə dair təsirli müzakirələr, həmçinin sahənin aparıcı simaları üçün eksklüziv şəbəkə imkanları olacaq.
Tikinti şirkətlərinin liderləri və bu sahənin rəhbərləri tərəfindən təşkil edilən beynəlxalq tədbirə hökumət rəsmiləri, baş icraçı direktorlar, iri tikinti layihələrinin rəhbərləri və iqlim fəalları qatılıb.
Sammitin ilk günündə çıxış edən spikerlər bir neçə maraqlı mövzulara da toxunub. Belə ki, bir neçə ölkəni təmsil edən spikerlər özəl sahənin maliyyələşdirilməsində tikinti sektorunun cəlb edilməsi, investorların tikinti sektoruna inamını artırmaq üçün dövlətlərin bu məsələyə yanaşma yolları, tikinti investisiyaları ilə bağlı əsas risklər və həlli yolları, satınalma eləcə də təchizat zəncirinin problemlərini və imkanlarını araşdırmağın həlli yolları mövzusunda müxtəlif təqdimatlarla çıxış ediblər.
Həmçinin investisiya şirkətləri tikinti layihələrinin maliyyələşdirilməsində hökumətlə birgə necə işləməsi, iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün tikinti sektorunda karbon emissiyasinin azaldılmasının həlli yolları, qlobal tikinti sektorunun COP28-dən COP29-a qədər davamlılıq hədəflərinə necə nail olunması, bəşəriyyətin üzləşdiyi əsas problemlər və onların həllinə kömək etmək üçün tikinti sektorunun bu məsələlərdə rolu kimi mövzular əsas müzakirə panellərindən olub.
Qeyd edək ki, 165-dən çox ölkənin qatıldığı Beynəlxalq Sammit noyabrın 29-na dək davam edəcək. Sammit çərçivəsində tikinti şirkətlərinin məhsulları və təqdim etdiyi xidmətlərlə bağlı sərgi də təşkil olunub. 1500-dən çox hökumət və özəl sektor nümayəndəsi iştirak edir. İştirakçılar sırasında tədbirdə 37 ölkədən təxminən 80%-i tamamilə yeni qlobal, regional və yerli spikerlərdi.
FED.az - Dubai