Xəbər verildiyi kimi, bu gün - 2023- cü il yanvarın 7-də Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı şəhərində daha bir iaşə obyektinin fəaliyyətinin dayandırılması barədə məlumat yayıb.
FHN «Təndir-Məndir» barədə səhv məlumat yayıb – RESTORAN FƏALİYYƏTDƏDİR - YENİLƏNİB - VİDEO
FED.az xəbər verir ki, nazirliyin bütün mətbuat orqanlarına açıqladığı xəbərə əsasən Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Səbail rayonu, Qoqol küçəsi, 3A ünvanında yerləşən “Təndir-Məndir” restoranında keçirilmiş yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib (detallar burada göstərilib).
«Mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək»-deyə nazirliyin yanğın nəzarəti xidməti ictimaiyyəti məlumatlandırıb.
«Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Səbail rayonu, Qoqol küçəsi, 3A ünvanında yerləşən «Təndir-Məndir» restoranının fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub»-deyə nazirliyin bu gün açıqlanan məlumatında bildirilir.
Bununla yanaşı, restoranın özündən FED.az-a bildirilib ki, obyekt hazırda fəaliyyətini dayandırmayıb və işləyir.
Restoranın inzibatçısı Kənan Nəcəfov FED.az-a açıqlamasında bildirib ki, «Təndir-Məndir» restoranında FHN-nin yoxlaması ötən il - 2022-ci ilin dekabrın əvvəlində olub, məlumatında göstərilən hallar da o vaxt aşkar edilib. Göstərilən iradlar qısa müddət ərzində aradan qaldırılıb və obyekt fəaliyyətini bərpa edib: «Hazırda biz fəaliyyət göstəririk və müştəriləri qəbul edirik, fəaliyyətimizdə bağla heç bir problem yoxdur»-deyə inzibatçı bildirib.
Restorandan bildiriblər ki, «Təndir-Məndir»in guya fəaliyyətini dayandırması barədə məlumatı onlar da bu gün eşidiblər və təəccübləniblər, halbıki obyekt normal öz rejimində işini davam etdirir.
Qeyd edək ki, FHN-nın 1 ay əvvəl keçirilmiş yoxlama barədə məlumatı indi açıqlaması, ən əsası, artıq iradları aradan qaldırmış olan biznes obyekti barədə keçmiş tarixə əsaslanan məlumat yayması, bununla da restoranın reputasiyasına zərər vurması təəccüb doğurur.
Ən maraqlısı odur ki, restoranın iradları aradan qaldırmasından və fəaliyyətini artıq davam etdirməsindən xəbərdar olan Xidmət, öz açıqlamasında bunu nə üçünsə xatırlatmır.
Üstəlik, nəzərə alanda ki, həftə sonu restoranların fəaliyyətinin ən qızğın dörüdür, məlumatın bu formada təqdim edilməsi adı çəkilən obyektlərin müştəri itirməsinə və biznesin zərərə düşməsinə səbəb ola bilər.