Aprelin 11-də Qida Təhlükəsizliyi Agentliyində (AQTA) bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin sınağının aparılması, qeydiyyata alınması, idxalı, satışı və saxlanmasına dair sahibkarlarla görüş keçirilib. FED.az xəbər verir ki, tədbirdə AQTA sədrinin müavini Balarəhim Quliyev Agentlik tərəfindən bu istiqamətdə həyata keçrilən tədbirlərlə bağlı görüş iştirakçılarına geniş məlumat verib. B. Quliyev hazırda bu sahədə təkmilləşdirmə işlərinin aparıldığını sahibkarların diqqətinə çatdırıb. Sahibkarlarla sıx əməkdaşlıq çərçivəsində əlaqələrin daha da genişləndirilməsinin əsas prioritetlərdən olduğu bildirilib.
Qeyd olunub ki, qida təhlükəsizliyi sahəsində beynəlxalq praktikanın tətbiqi sahibkarlar üçün yeni imkanlar yaradacaq, istehlakçı hüquqlarının qorunmasına öz töhvəsini verəcəkdir. Sahibkarların ölkə ərazisinə idxal etdiyi bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin qanunvericiliyin tələblərinə və standartlara uyğun olmasının zəruriliyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Görüşdə bitki mühafizə vasitələrinin dövriyyəsinin tənzimlənməsi, bitki mühafizə vasitələrinin milli məlumat bazasının yaradılması, yüksək toksiki ekoloji təhlükəli preparatların siyahısının layihəsi müzakirə olunub. Fermer təsərrüfatlarında çalışan işçilərin təhlükəsizliyinin qorunması, pestisidlər, aqro-kimyəvi maddələr və digər bitki mühafizə vasitələrindən düzgün istifadə qaydalarının təşviqi ilə bağlı regionlarda maarifləndirici görüşlərin bundan sonra da mütəmadi olaraq həyata keçiriləcəyi vurğulanıb.
Görüşün sonunda sahibkarları maraqlandıran suallar cavablandırılıb.
«Tələblərə əməl olunmalıdır» - AGENTLİKDƏ SAHİBKARLARLA GÖRÜŞ
13:46
11 Aprel 2019