"Nazirlər Kabineti işlənmiş təkərlərə gömrük rüsumlarının artrılması barədə qərarını ekspertlərin rəyi əsasında verib. Məqsəd insanların təhlükəsizliyi məqsədilə yeni təkərlərdən istifadəni təşviq etməkdir".
FED.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) sədr müavini Səfər Mehdiyev məlumat verib. Rüsumların artırılmasının səbəblrərini açıqlayıb:
"Özümüzün və uşaqlarımızın gələcəyi üçün işlənmiş təkərlərin avtomobillərdə istifadəsinin nə qədər təhlükəli olduğunu nəzərə alaraq hökumət bu qərarı verib. Sahibkarlar narazılıq edirlər. Çox maraqlıdır ki, qərar ötən ilin noyabr ayının 17-si çıxarılıb. Bu günədək olan dövrdə etirazları olmadığı halda, mal gətirilib rəsmiləşdirilən zaman şikayətlənirlər. Gömrük rüsumlarının qaldırılmasında məqsəd budur ki, ölkəyə daha çox yeni təkərlər gətirilsin, işlənmiş təkərlərin də gətirilməsi və ondan istifadə yavaş-yavaş azalsın.Yenə də gətirilən işlənmiş təkərlər rəsmiləşdirilir, lakin yeni rüsumlar nəzərə alınmaqla. Hökumətin qərarı var, biz də qəbul olunmuş qərarı icra etməliyik".
Məsələyə DGK sədri Aydın Əliyev də münasibət bildirib. Vurğulayıb ki, etiraz aksiyalarına toplaşan 150-200 nəfər bir qrup şəxslər tərəfindən idarə olunur:
"Bu şəxsləri Nazirlər Kabinetinin və Komitənin qarşısına yığıb gətirirlər. İlin əvvəlindən bəri 3 nəfərin adına qeydiyyatda olan 6 maşın işlənmiş təkər gətirilib. Etiraz edənlərin sayı ilə, idxalçıların sayı uyğun gəlmir. Etiraz edən 100 nəfərdən sənədlərini və özünü təqdim etmələrini istədik, onlardan cəmi 11-i sənədini təqdim etdi. Qalan 89-u qaçdı.
Onlar bildirirlər ki, 3-6 avroya təkər alırlar, buna görə niyə 10 dollar rüsum ödəməlidirlər. Gəlin Azərbaycanda işlənmiş təkər bazarına baxaq. İşlənmiş təkəri 50 manata satırlar. Yaxşı sən 3 avroya aldığın təkəri 50 manata satırsansa, niyə 7 dollar artıq pul ödəyə bilmirsən?! Mən hesab edirəm ki, bir neçə fiziki şəxs insanları toplayaraq ictimai asayişi pozurlar. Baxmayaraq onları dəfələrlə qəbul etmişik və izahlar vermişik.
Nazirlər Kabinet rüsumu qaldırmaqda haqlıdır. Azərbaycan Bazel konvesiyasına qoşulub. Hökumət ekoloji tələblərə cavab verməyən məhsulların dövriyyəsini məhdudlaşdıra bilər".
Xatırladaq ki, Azərbaycan ötən ildən işlənmiş avtomobil təkərlərinin idxalı üzrə gömrük rüsumunu 3 ABŞ dollarından 10 dollara qaldırıb.