Azərbaycanlı sahibkarlardan ibarət nümayəndə heyəti Caspian European Club/Caspian Energy qrupunun sədri və baş icraçı direktoru Telman Əliyevin rəhbərliyi altında Gürcüstan-Azərbaycan Biznes Forumunda iştirak edib.
FED.az xəbər verir ki, Forumunun təşkilatçısı EU-Georgia Business Council-dır. Əsas məqsədi Gürcüstanla Azərbaycan arasında ikitərəfli işgüzar əlaqələrin inkişafı olan biznes-forumda Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf nazirinin birinci müavini Yekaterina Mikabadze, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, SOCAR Energy Georgia-nın baş direktoru, Pasha Bank Georgia-nın direktorlar şurasının üzvü Asaf Hüseynov, “AZEBI”-nin sədri Nəriman Qurbanov, Caspian European Club/Caspian Energy qrupunun sədri və baş icraçı direktoru Telman Əliyev və digərləri çıxış ediblər.
Forumda çıxış edən Telman Əliyev Caspian European Club-un fəaliyyəti və beynəlxalq biznes-netvorkinqi üçün daimi platformanın yaradılmasına kömək edən tədbirlərin formatı barədə danışıb. “Gürcüstanla Azərbaycan arasındakı münasibətlər digər ölkələrə nümunə ola bilər. Azərbaycan, Gürcüstan və Türkiyə tərəfindən regional səviyyədə birgə layihələrin həyata keçirilməsi daha fəal işgüzar əməkdaşlıq üçün stimul olmalıdır”, - deyə Telman Əliyev əlavə edib. Telman Əliyevin sözlərinə görə, “Azərbaycan biznesi Gürcüstan ərazisində geniş təmsil olunur. Təəssüf ki, eyni sözləri Gürcüstan biznesinin Azərbaycan bazarındakı iştirakı ilə bağlı deyə bilmirəm. Caspian European Club bu missiyanı öz üzərinə götürməyə və Gürcüstan şirkətlərinin Azərbaycan, Qazaxstan, Özbəkistan və digər ölkə bazarlarına çıxmasına yardım etməyə hazırdır”.
“Biz Caspian European Club-un fəaliyyətini aktivləşdirməyi planlaşdırırıq və artıq aprelin 3-də inşaat sektoruna həsr olunmuş B2B forumu keçirəcəyik. Biz həmçinin turizm obyektləri üçün aparıcı sənaye müəssisələrinə və turizm üçün cəlbedici olan obyektlərə baş çəkməklə Gürcüstan regionlarında biznes-turlar keçirməyi nəzərdə tuturuq. Bütün biznes-turlar çərçivəsində eyni zamanda həmin regionların rəhbərlərinin iştirakı ilə B2B forum və CEO Lunch təşkil olunacaq”, - deyə Telman Əliyev çıxışına yekun vurub.
Qeyd edilməlidir ki, “EU-Georgia Business Council” Gürcüstan və Azərbaycan partnyorları ilə əməkdaşlıq çərçivəsində yuxarıda qeyd olunan forumu hər il keçiməyi planlaşdırır. Tədbirin 2021-ci ildə Bakıda təşkili nəzərdə tutulub. Sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda yaradılıb. Caspian European Club-un mənzil-qərargahı Bakıda (Azərbaycan) yerləşir. Caspian European Club-un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəliyi, ABŞ, Almaniya, Polşa, Çexiya Özbəkistan və Latviyada səlahiyyətli nümayəndələri var.