Yaxın vaxtlarda Gürcüstanda Azərbaycan şirkətlərinin iştirakı ilə biznes forumun keçirilməsi nəzərdə tutulur. Bu barədə FED.az-a Caspian European Club-dan bildirilib.
Bu məsələ Gürcüstanın Kvemo Kartli regionunun Qubernatoru Şota Rexviaşvili ilə Caspian European Club-un baş icraçı direktoru Telman Əiyev ilə görüşdə müzakirə edilib. Əldə edilən razılığa görə, Tbilisidə «Caspian Energy Forum Kvemo Kartli» forumu keçiriləcək.
“Biz Caspian European Club-un üzv şirkətləri ilə Kvemo Kartli regionu arasında sıx əlaqələrin qurulması ideyasını dəstəkləyir və bu məsələdə hərtərəfli kömək göstərməyə hazırıq”, - deyə Şota Rexviaşvili söyləyib. Qubernatorun sözlərinə görə, Caspian Energy Forum Kvemo Kartli sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən artıq şirkəti birləşdirən Caspian European Club ilə Kvemo Kartli regionu arasında uzunmüddətli, ikitərəfli, qarşılıqlı səmərəli və məhsuldar əməkdaşlığın əsasını qoyacaq.
İkigünlük Caspian Energy Forum Kvemo Kartlinin aparıcı mövzularından biri bu regionda kənd təsərrüfatı və turizmin fəal inkişafı olacaq. Birinci gün Gürcüstan Hökumətinin üzvlərinin və biznesmenlərinin iştirakı ilə plenar sessiyalar keçiriləcək. İkinci gün sahibkarları regionun investisiya imkanları və fəaliyyətdə olan müəssisələrlə tanış etmək məqsədilə Kvemo Kartli regionu üzrə tur təşkil olunacaq.
Foruma hazırlıq çərçivəsində həmçinin Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Genadi Arveladze, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin nəzdində Milli Turizm Administrasiyasının rəhbəri Giorgi Çokovadze, eləcə də Gürcüstanın ətraf mühit və kənd təsərrüfatı nazirinin iki müavini – Georgi Xanişvili və Nino Tandilaşvili ilə konsultasiya təşkil olunub.
Telman Əliyevin sözlərinə görə, Caspian European Club-un üzv şirkətləri Gürcüstana, xüsusilə də Kvemo-Kartli regionuna böyük maraq göstərirlər: «Biz özəl investorları Kvemo-Kartli regionunun kənd təsərrüfatı və turizm sektoruna cəlb etmək üçün səylərimizi əsirgəməməyə çalışırıq».