Nadir Əfəndiyev 1 may 2023-cü il taixindən etibarən Əməliyyatlar üzrə vitse-prezidentinin tabeliyində “Taghiyev Operating Company” MMC-nin Baş meneceri vəzifəsinə təyin edilib
FED.az bu barədə "GL LTD" şirkətinə istinadən xəbər verir.
Qeyd edilib ki, Nadir Əfəndiyev neft-qaz sənayesində 20 illik təcrübəyə malik olan bir peşəkardır. O, 18 il BP Azərbaycan şirkətində çalışmış və Hasilat üzrə supervayzer, Dənizdə əməliyyatlar üzrə mühəndis, Əməliyyatlar üzrə qrup rəhbəri, Layihə əməliyyatları üzrə qrup rəhbəri və Əməliyyatlar üzrə quraşdırma meneceri kimi müxtəlif texniki və rəhbər vəzifələri tutmuşdur. Nadir, Birləşmiş Krallıqda beynəlxalq təcrübə qazanmış və Əməliyyatların hazırlıq prosesində iştirak etmişdir.
Nadir Əfəndiyev eyni zamanda layihə idarə olunması üzrə geniş təcrübəyə malikdir və “BP”-nin nəzdində dənizdə Şahdəniz Qaz Layihəsi və neft yataqlarında Qazlift kimi çoxsaylı önəmli layihələrdə iştirak etmişdir.
Son 4 il ərzində o, dəniz platformalarında Əməliyyat qurğuları üzrə menecer vəzifəsini yerinə yetirmişdir. Sonuncu vəzifəsində, o, “BP”-nin qurğuları arasında və Xəzər dənizində ən mürəkkəb platforma hesab edilən Mərkəzi Azəri platformasında Əməliyyat qurğuları üzrə menecer vəzifəsində çalışmışdır.
Nadir Əfəndiyev işçi heyətinin yerli kadrlar ilə əvəz olunması prosesini fəal şəkildə təşviq etmiş, kadr təminatı dərəcələrinin təşkil edilməsinə və Təşkilata mühüm dəyər qatmaqla nəticələnən işə qəbul və təlim proseslərini idarə etmişdir.
Nadir Dövlət Neft Akademiyasının Qazma və Kəşfiyyat fakültəsini bakalavr dərəcəsi ilə bitirmişdir. (Marja)