Aprelin 23-dən “Startap” şəhadətnaməsi almaq üçün mikro və kiçik sahibkarlıq subyektləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət edə bilərlər.
Eləcə də bax: "Startap” şəhadətnaməsi alan KOB 3 il vergi ödəməyəcək"
KOBİA-dan FED.az-a bildirilib ki, müraciətlər agentliyə yazılı formada (Ünvan: AZ1069, Bakı şəhəri, Atatürk prospekti, 134) və ya elektron qaydada ([email protected]) təqdim edilməlidir. Müraciət etmək üçün müvafiq ərizə forması və lazım olan digər sənədlər barədə məlumatlar KOBİA-nın rəsmi internet səhifəsində yerləşdirilib - https://bit.ly/3dETJqw.
Qeyd edək ki, “Startap” şəhadətnaməsini alan mikro və kiçik sahibkarlıq subyektləri Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq şəhadətnaməni aldıqları tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edilir. Nazirlər Kabinetinin 2021-ci il 29 yanvar tarixli Qərarı ilə təsdiq edilmiş “Startapın müəyyən olunması meyarları”na əsasən “Startap” şəhadətnaməsi vergiödəyicisi olan mikro və ya kiçik sahibkarlıq subyektlərinə verilir. Müraciət edən orta və ya iri sahibkarlıq subyektinin təsisçisi olarsa, həmin təsisçinin hüquqi şəxsdə payı 49 faizdən çox olmamalıdır. “Startap” şəhadətnaməsi gəlir və ya mənfəət əldə etmək məqsədilə istehsal olunan, innovativ təşəbbüsə əsaslanan, rəqabətqabiliyyətli, eləcə də digər startap məhsulu (xidməti) ilə eynilik təşkil etməyən məhsul (xidmət) istehsalı üçün təqdim edilir. “Startap” şəhadətnaməsini əldə etmək üçün KOBİA-ya daxil olmuş ərizə həmin gün qeydiyyata alınır. Ərizəyə və ona əlavə edilmiş sənədlərə agentlikdə ümumilikdə 30 gün müddətində baxılır və qiymətləndirilməsi üçün Ekspertlər Şurasına təqdim olunur.
Ekspertlər Şurasının rəyi əsasında agentlik “Startap” şəhadətnaməsinin verilməsi və ya verilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Ekspertlər Şurasında İqtisadiyyat, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Əqli Mülkiyyət Agentliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndələri və müstəqil ekspertlər təmsil olunur.