Son iki ildə Azərbaycan vətəndaşlarının Ukraynada 180-dən çox şirkəti qeydiyyatdan keçib. Azərbaycan vətəndaşları bu məsələdə ən aktiv əcnəbilər sırasındadır.
FED.az xəbər verir ki, bunu “Terezi” Ukrayna-Azərbaycan Biznes Assosiasiyasının rəhbəri Cəlal Hüseynov deyib.
C.Hüseynov bildirib ki, bütün bunlar Ukraynanın dayanıqlığını da göstərir.
“Ölkədə bank sektoru qorunub, enerji sistemi bərpa olunub, Azərbaycanın göstərdiyi enerji və humanitar dəstək isə bu prosesin ayrılmaz hissəsidir. Həmçinin Azərbaycan və Ukrayna hökumətləri arasında İkitərəfli Biznes Şurası artıq fəaliyyətini genişləndirib. Bu il dövlət-özəl tərəfdaşlıq sahəsində əsaslı dəyişikliklər gözlənilir. İnvestisiya layihələri üçün prosedurlar sadələşdirilib. Həmçinin ABŞ-la strateji minerallar üzrə memorandum imzalanıb. Bu da uzunmüddətli investisiyalar üçün vacib siqnaldır”, - deyə assosiasiya rəhbəri qeyd edib.
C.Hüseynov əlavə edib ki, müharibə vəziyyətinə baxmayaraq iki ölkə arasında idxal-ixrac əməliyyatlarının səviyyəsi də qorunub saxlanılır: “Azərbaycandan Ukraynaya gübrə, tikinti materialları və kənd təsərrüfatı məhsullarının ixracı artır. Ukraynadan isə ərzaq, ət və emal olunmuş məhsulların ixracı davam edir. Nəticədə iki ölkə arasında ticarət balansı daha bərabər və davamlı olub”. (Azərtac)