Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2016-cı ildə müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlara 189 mln. 420,1 min manat məbləğində güzəştli kredit verib. Bu barədə Fondun kreditləşmə sahəsində fəaliyyətinə dair hesabatda deyilir. Hesabat rəsmi mətbuatda dərc olunub.
Xəbər verildiyi kimi, 2015-ci ildə Fondun vəsaitindən sahibkarların kreditləşməsinin həcmi 248 mln. 485,4 min manat təşkil edib. Beləliklə, 2016-cı ildə SKMF xətti ilə kreditləşmənin hıcmi 23,8% azalıb.
Ötən il ərzində Fondun vəsaiti hesabına 2.477 min layihə maliyyələşdirilib (azalma 2,1 dəfə - İF-Az).
Bu layihələrin kreditləşməsi 8,106 min yeni iş yeri yaratmağa imkan verəcək (azalma 35,6% - İF-Az).
Hesabat ilində sənaye məhsullarının istehsalı və emalı sahəsində 32 mln. 506,3 min manat məbləğində 121 layihə, ASK məhsullarının istehsalı sahəsində 120 mln. 876,8 min manat məbləğində 2,336 min layihə, ASK məhsullarının emalı sahəsində 22 mln. 542 min manat məbləğində 12 layihə, xidmət (infrastruktur) sahəsinin inkişafı sahəsində 13 mln. 495 min manat məbləğində 8 layihə maliyyələşdirilib.
Fondun məlumatına əsasən, 2016-cı ildə 157 mln. 652 min manat ümumi məbləğdə 41 xüsusi iri kredit, 22 mln. 877,8 min manat məbləğində 2,402 min kiçik kredit, 8 mln. 890,3 min manat məbləğində 34 orta kredit verilib.
SMKF 1992-ci ildə yaradılıb. Kreditlərin verilməsi 50-dən artıq bank və BOKT tərəfindən həyata keçirilir. 2017-ci ildə Fond ən azı 150 mlnş manat məbləğində güzəştli kreditlərin verilməsini planlaşdırır.