İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu (SİF) müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında yenidən "Sənayenin inkişafına dəstək" adlı müsabiqə keçirir.
Bu barədə FED.az-a SİF-dan bildirilib.
Məlumata görə, müsabiqənin keçirilməsində əsas məqsəd sənaye, o cümlədən kənd təsərrüfatı məhsullarının emalı sahələrində fəaliyyət göstərən sahibkarlara güzəştli kreditlərin verilməsinin stimullaşdırılmasıdır.
Müsabiqədə yalnız Fondla əməkdaşlıq edən və 2023-cü il üzrə limiti olan müvəkkil kredit təşkilatlarının kredit mütəxəssisləri iştirak edə bilər.
Qaliblər müvafiq sahələr üzrə fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlara verilmiş kreditlərin sayı əsas götürülməklə, o cümlədən müsabiqə üzrə bildirilmiş əlavə meyarlar üzrə hesablanmış ümumi əmsallar nəzərə alınmaqla müəyyənləşdiriləcək. Müsabiqəyə müraciətlərin qəbulu dekabrın 20-dək davam edəcək.