Hüquqi şəxsin iflas prosesində olmasının dövlət qeydiyyatına alınması qaydası müəyyənləşir.
FED.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.
Qanuna təklif olunan yeni - 9-2-ci maddəyə görə, hüquqi şəxsin iflas prosesində olması dövlət qeydiyyatına alınmalıdır. Bankların müflisləşmə və iflas prosesində olması “Banklar haqqında” qanunun tələbləri nəzərə alınmaqla dövlət qeydiyyatına alınmalıdır.
Qanuna təklif olunan maddədə hüquqi şəxslərin iflas prosesinin qeydiyyatı qaydaları və prosedurları əksini tapıb.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Müflis olan fiziki şəxslərə dair tələb müəyyənləşir.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs müflis elan olunduğu məqamdan və iflas prosesinə xitam verildiyi tarixdən 15 gün müddətində bu barədə vergi orqanına məlumat verməlidir. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.