Azərbaycan Mərkəzi Bankı koronavirus pandemiyası ilə əlaqədar maliyyə sektoruna əlavə dəstəkləyici tədbirlər paketinin vaxtının növbəti dəfə uzadılması barədə qərar qəbul edib. AMB-dən FED.az-a verilən məumata görə, hazırda iqtisadiyyatın müxtəlif sahələri üzrə məhdud rejimin yumşaldılması fonunda iqtisadi aktivlik tədricən bərpa edilir.
Eləcə də bax: Azərbaycanda ən yüksək və ən aşağı - MAAŞ ÖDƏYƏN BANKLAR – SİYAHI, MƏBLƏĞLƏR
Mərkəzi Bankının İdarə Heyətinin 30 iyun 2021-ci il tarixli 19 nömrəli qərarına əsasən pandemiyadan təsirlənmiş fiziki şəxslər və sahibkarlıq subyektlərinin maraqlarının qorunması və dəstəklənməsinin davam etdirilməsi qərara alınıb.
Beləliklə cərimə faizi, dəbbə pulu və digər cərimələrin hesablanmamasına, borcalanların kredit öhdəlikləri üzrə gecikmələrlə bağlı onların kredit tarixçələrinin pisləşməməsinə dair kredit təşkilatlarına verilmiş tövsiyələrin müddəti 01 oktyabr 2021-ci il tarixinədək uzadılıb.
Bundan başqa, kredit və sığorta təşkilatlarının kapital mövqeyinin daha da möhkəmləndirilməsi, onların sərbəst maliyyə vəsaitlərinin kapitala yönəldilməsinin təmin edilməsi məqsədilə dividend ödənişlərinə tətbiq edilmiş məhdudiyyətlər də həmin tarixədək qüvvədə saxlanılıb.
Bununla yanaşı,bankların kapitalı ilə bağlı tələblərin yumşaldılması dayandırılıb. Mərkəzi Bank bildirir ki, bank sektorunun kapitala aid yeni requlyativ tələblərə tədricən adaptasiyasının növbəti mərhələsində 01 iyul 2021-ci il tarixindən başlayaraq bazar və əməliyyat riskləri bankların məcmu və I dərəcəli kapitalının adekvatlığı əmsallarında nəzərə alınacaq, habelə həmin tarixdən məcmu kapital adekvatlığı əmsalı üzrə minimum hədd Mərkəzi Bankın aidiyyəti normativ qaydaları ilə müəyyən edilmiş səviyyədə bərpa ediləcəkdir.
«Bu tələblərin tətbiqi bankların kapitalında əməliyyat və bazar risklərinin qarşılanması üçün əlavə buferin yaradılmasına xidmət edəcəkdir. Eyni zamanda, kontr-tsiklik kapital buferi ilə əlaqədar requlyativ güzəştin tətbiqi müddətinin 01 yanvar 2022-ci il tarixinədək uzadılması qərara alınmışdır»-deyə AMB-dən bildirilib.