Azərbaycanda nəqliyyat sahəsində həyata keçirilən islahatlar çərçivəsində Bakı Nəqliyyat Agentliyi (BNA) ləğv ediləndən sonra bu sahədə çalışan sahibkarlar Agentliyin vaxtilə onlara yaratdığı problemlərdən danışmağa başlayıblar.
FED.az xəbər verir ki, belə şirkətlərdən biri ölkənin böyük sərnişin daşıyıcılarından biri olan “Xaliq Faiqoğlu”dur.
Şirkətin rəhbəri Faiq Seyidov bildirir ki, məhz BNA-nın qəsdən yaratdığı maneə nəticəsində şirkətinin “Xaliq Faiqoğlu”nun böyük layihəsi yarımçıq qalıb:
«Biz beynəlxalq və yerli maliyyə qurumları ilə əməkdaşlıq edərək ölkəmizə xarici investisiyaların cəlb edilməsi, avtobus parklarının yenilənməsi məqsədilə layihələr icra edirik. Xüsusi vurğulamaq istəyirəm ki, 2018-ci ildə Avropa Yenidənqurma və İnkişaf Bankı ilə müasir avtobusların alınması və paytaxt sakinlərinin xidmətinə verilməsi məqsədilə 12 milyon avroluq müqavilə imzalamışdıq. Lakin həmin dövrdə Bakı Nəqliyyat Agentliyinin qanunvericiliyin tələbini pozaraq bizimlə uzunmüddətli müqavilə yox, qısamüddətli müqavilələr təqdim edərək, bağlamalı olduğu müqaviləni məqsədli şəkildə verməyərək süni maneələr yaratması layihənin yarımçıq dayandırılmasına, böyük maliyyə itkimizin formalaşmasına səbəb oldu.
Halbuki Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimləyici qurumla daşıyıcı şirkət arasında “avtomobil nəqliyyatı ilə marşrut üzrə sərnişindaşıma xidmətlərinin göstərilməsi haqqında” müqavilənin bağlanması tələbi müəyyən edilib. Lakin BNA tərəfindən bu müqavilələrə çox qısa müddətlər tətbiq etməsi və sair digər qanunsuz addımları sektorun dayanıqlılığının itirməsinə, maliyyə institutları tərəfindən etimadın azalmasına və sair ciddi risklərlə qarşı-qarşıya qalmasına gətirib çıxarıb».