MARSOL-un təşkilatçılığı ilə “8 Mart” Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir təşkil edilib.
FED.az xəbər verir ki, tədbirdə şirkətin partnyoru olan xanım sahibkarlar və bir sıra rəsmi qurumların xanım əməkdaşlarının iştirak edib.
İki hissədən ibarət olan tədbirin rəsmi hissəsində “MARSOL” MMC-nin təsisçisi Tural Mustafayev xanım sahibkarları qarşıdan gələn “8 Mart” Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib.
Daha sonra MARSOL şirkətinin əməkdaşı “Xanım Sahibkarlarla iş şöbəsi”nin rəhbəri Aysel Əmirova qonaqları salamlayıb və təbriklərini bildirib. Bununla yanaşı tədbirdə iştirak edən Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva fəaliyyətləri haqqında məlumat verib, ölkədə qadın sahibkarların fəaliyyətindən danışıb və qonaqlara öz təbriklərini ünvanlayıb.
Daha sonra Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Sahibkarlar Konfederasiyası, Dövlət Reklam Agentliyi, Sahibkarlığın İnkişafı Fondu və Kapital Bankın nümayəndələri çıxış edərək xanım sahibkarları təbrik edib və fəaliyyətləri haqqında qonaqları məlumatlandırıblar.
Tədbirdə iştirak edən xanım sahibkarlara “Kapital Bank” və “Voice Agency” şirkətləri tərəfindən də hədiyyələr təqdim olunub. Tədbir əyləncəli şoularla davam edib.
Qeyd edək ki, ölkədə netvorkinq sahəsində öndə gedən MARSOL şirkəti “uğurlu biznes tərəfdaşı” şüarı ilə 2017-ci ildə fəaliyyətə başlayıb. Şirkətin əsas məqsədi ölkədə fəaliyyət göstərən sahibkarları müxtəlif biznes görüşlərdə bir araya gətirərək biznes əlaqələrini gücləndirməkdir.
Hazırda MARSOL şirkəti müxtəlif sahələrdə fəaliyyət göstərən (kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika, tekstil, xidmət və s.) 400 şirkətlə əməkdaşlıq edir, eyni zamanda KOBİA (Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ), ADRA (Azərbaycan Dövlət Reklam Agentliyi), ASK (Azərbaycan Sahibkarlar Konfederasiyası), SİF (Sahibkarlığın İnkişafı Fondu), DMA (Dövlət Məşğulluq Agentliyi) kimi dövlət qurumları da bu platformada təmsil olunur.