Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “AVT Logistics” şirkəti karyeralarında inkişaf etmək istəyən əməkdaşlara dəstək məqsədi ilə Fəhlədən İnkişaf Layihəsini (FİL) davam etdirir.
FED.az xəbər verir ki, indiyə qədər layihədə iştirak edən 92 əməkdaş şirkətdə müxtəlif sahələr üzrə mütəxəssis və texniki icraçı kateqoriyalı vəzifələrə yüksəlib.
Azərbaycanın əmək bazarında ixtisaslı kadrlar yetişdirmək məqsədi daşıyan Fəhlədən İnkişaf Layihəsində üç il ərzində 142 əməkdaş iştirak edib.
Qeyd edək ki, layihədə iştirak edən əməkdaşlar təlimlər müddətində müvafiq vəzifənin tələb etdiyi nəzəri və praktik biliklərə yiyələnirlər. Proqram çərçivəsində logistika sahəsində fəhlə olaraq çalışan əməkdaşların bilikləri təkmilləşdirilərək müvafiq sahələr üzrə menecer, mütəxəssis və digər ixtisas tələb edən vəzifələrə sahib ola bilirlər.
Veysəloğlu Şirkətlər Qrupunun fəlsəfəsi ölkə iqtisadiyyatı və əhali üçün dəyər yaratmaqla qida təhlükəsizliyi və ərzaq təminatının davamlılığına nail olmaqdır. Şirkətlər Qrupu 2022-2023-cü illərdə Deloitte şirkətinin təşkil etdiyi nüfuzlu Best Managed Companies müsabiqəsinin qaliblərindəndir.