Qadağan edilmiş yerlərdə (tütün çəkmək üçün təşkil edilmiş xüsusi yerlər istisna olmaqla) sıqaret çəkilməsinə şərait yaradan vəzifəli şəxslər 500 manat, hüquqi şəxslər isə 1200 manat məbləğində cərimələnəcək.
FED.az xəbər verir ki, bu barədə bu gün sentyabrın 24-də keçirilən Milli Məclisin əmək və sosial siyasət komitəsinin 2018-ci il payız sessiyasında ilk iclasında məlumat verilib.
Belə ki, İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsinə əsasən yetkinlik yaşına çatmayanlara tütün məmulatı almaqla, verməklə, tütün məmulatından istifadəni təklif və ya tələb etmək yolu ilə onların tütündən istifadə prosesinə cəlb edilməsinə görə 100 manat məbləğində cərimə tətbiq edilir. Tütün məmulatlarının ətraf mühitə atılmasına görə 50 manat məbləğində cərimə nəzərdə tutulur.
“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş yerlərdə (tütün çəkmək üçün təşkil edilmiş xüsusi yerlər istisna olmaqla) tütün çəkilməsinə şərait yaradılmasına, yaxud tütün çəkilməsinin təklif edilməsinə görə vəzifəli şəxslər 500 manat məbləğində, hüquqi şəxslər 1200 manat məbləğində cərimələnəcək.
“Tütün və tütün məmulatı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə görə sənədin 1.0.4-cü maddəsi yeni redaksiyada veriləcək. Həmin maddədə deyilir: “tütün məlumatı-tütün yarpağından və onun komponentlərindən hazırlanmış, tərkibində nikotin, aktiv alkoid, o cümlədən konserogen maddələr olan və nikotinə aludəçilik yaradan məhsul (siqaret, popiroslar, siqarlar, siqarillalar, çubuq tütünü və s.)”.
Qanun layihəsinə əsasən, tütün məmulatlarının buraxılmasını bilavasitə həyata keçirən şəxs (satıcı) tütün məhsulunu istifadə edən şəxsin (alıcının) yetkinlik yaşına çatmasına şübhə etdikdə satıcı alıcıdan onun şəxsiyyətini təsdiq edən və yaşını müəyyən etməyə imkan verən sənəd tələb edə bilər.
Siqaret qadağasına əməl etməyənlər cərimələnəcək - MƏBLƏĞLƏR
21:34
24 Sen 2018