Bu gündən yenidən ölkəmizdə sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiqinə başlanıb.
Eləcə də bax: Azərbaycanda koronavirusla əlaqədar - Qadağalar
Sərtləşdirilmiş xüsusi karantin rejimi müddəti dövründə bir çox sahələrin fəaliyyətinə icazə verilməyəcək. Eyni zamanda, vətəndaşların hərəkətinə SMS ilə və ya “icaze.e-gov.az”dan alınmış icazə əsasında icazə veriləcək.
Nazirlər Kabinetinin qərarına görə, Azərbaycan Respublikasının ərazisində bütün ticarət obyektləri (nəzdində ərzaq mağazası və apteklər istisna olmaqla), ictimai iaşə obyektləri, o cümlədən restoran, kafe və çay evləri tərəfindən yalnız çatdırılma xidməti (onlayn satış) göstərilə bilər.
FED.az xəbər verir ki, ticarət və ictimai iaşə sahəsindəki sahibkarlar çətinlik ilə qarşılaşıblar. Belə ki, ticarət və ictimai iaşə müəssisələrinin işçiləri onlayn satışı həyata keçirmək üçün obyektə və ya anbara getməlidirlər. Lakin bunun üçün sahibkarlara və işçilərinə icazə verilmir. Marja ilə əlaqə saxlayan sahibkarlar qaydalardan narazıdırlar.
Sahibkarlar özləri və işçiləri üçün gücləndirilmiş elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalından icazə ala bilmirlər. Məlumatları daxil edən sahibkarlara aşağıdakı cavab göndərilir:
“Sizin fəaliyyət istiqamətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 08 dekabr tarixli 488 nömrəli Qərarında nəzərdə tutulan fəaliyyət istiqamətinə aid olmadığından, icaze.e-gov.az saytından icazə almağınız mümkün deyil”.
Qısası, fəaliyyət istiqaməti üzrə yerində xidmətə icazə verilməməsi onlayn satışa da imkan vermir. Çünki, iş adamları mağazalarda olan əşyaları evlərinə daşıyaraq onlayn satış həyata keçirməli deyillər, bunun üçün bir neçə işçi obyektdə olmalı, həmçinin məhsulları evlərə çatdıran işçilər işə çıxmalıdırlar.
Verilən məlumata görə, onlayn satış üçün işə çıxan işçilər “icaze.e-gov.az” portalından icazələri olmdığına görə cərimələnir.
Digər bir məlumata görə, sahibkarlara Dövlət Vergi Xidmətinə yaxınlaşaraq təsnifat kodunu dəyişməyi tövsiyə olunur. Bir çox sahibkarlar gələcəkdə problemlər yaranacağını nəzərə alaraq bu təklifdən imtina edirlər. (Marja)