İqtisadiyyat və Kənd Təsərrüfatı nazirlikləri birgə məlumat yayıb.
FED.az xəbər verir ki, məlumatda bildirilir ki, son vaxtlarda daxili bazarda kartof, soğan və kələmin qiymətində ciddi artım baş vermişdir.
“Bununla əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 aprel 2019-cu il tarixli qərarı ilə beynəlxalq təcrübəyə uyğun olaraq, həmin məhsulların istehsal mövsümü də nəzərə alınmaqla, kartofun ixracına bu ilin 30 aprelinədək, soğan və kələmin ixracına isə 31 may tarixinədək ixrac rüsumunun tətbiqinə başlanmış, habelə soğanın idxalına tətbiq olunan spesifik rüsum həmin müddətədək ləğv edilmişdir.
Atılmış bu addım daxili bazarda qiymət sabitliyinin təmin olunmasına, ölkə əhalisinin bu məhsullara olan tələbatının daha dolğun ödənilməsinə xidmət edir.
Sahibkarların məhsullarının satışında yarana biləcək çətinliklərin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görüləcəkdir”,- məlumatda deyilir.
Qeyd edək ki, bu gün Şəmkir rayonunda kartofa tətbiq edilən əlavə ixrac gömrük rüsumu ilə əlaqədar sakinlər etiraz aksiyası təşkil edib. Rayonun Sarı kənd sakinləri əlavə gömrük rüsumuna etiraz olaraq dəmir yolunu bağlayıblar.
Əraziyə icra başçısı Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov da gedib və sakinlərlə danışıb.
Qeyd edək ki, əlavə ixrac gömrük rüsumları kartof ixracını bahalaşdırır.