Şəki şəhərində “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək.
Bu barədə FED.az-a İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilib.
Bildirilib ki, “KOB FEST” sərgi-satış yarmarkası KOBİA-nın təşkilatçılığı ilə iyulun 18-20-da baş tutacaq.
Yarmarkada məhsul və xidmətlərini təqdim etmək istəyən KOB subyektləri iyulun 15-dək Agentliyin saytındakı müvafiq formanı doldurmaqla müraciət edə bilərlər: https://smb.gov.az/az/contact-form/exhibition-form/1 (“İştirak etmək istədiyiniz tədbir” bölümündə “KOB Fest – Şəki” qeyd olunmalıdır).
Mikro və kiçik sahibkarların yarmarkada iştirak etməsi üçün ödəniş nəzərdə tutulmur, bütün xərclər dövlət dəstəyi hesabına qarşılanacaq.
Qeyd edək ki, “KOB FEST” sərgi-satış yarmarkasının məqsədi KOB subyektlərinin istehsal etdiyi məhsul və xidmətləri tanıtmaq və onların satış imkanlarını artırmaqdır. Yarmarka həmçinin həssas əhali qrupuna aid sahibkarlıq subyektlərinin, sənətkarların və yaradıcı şəxslərin məhsullarının satışına dəstək olmağı, istehsalçı və təchizatçı şirkətləri bir platformada toplamaqla onlar arasında işgüzar əlaqələrin qurulmasını hədəfləyir. Yarmarka çərçivəsində mədəni-əyləncəli proqram da təşkil olunacaq.