Bu gün Azərbaycanın iş adamlarından ibarət geniş tərkibli nümayəndə heyəti Daşkəndə (Özbəkistan) səfər edəcək.
Bu barədə FED.az Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) “Facebook” sosial şəbəkəsindəki səhifəsinə istinadən xəbər verir.
Məlumata görə, ASK-nın prezidenti Məmməd Musayevin başçılıq etdiyi nümayəndə heyətində inşaat-tikinti, qida, proqram təminatı, turizm, maliyyə, qablaşdırma, tekstil və başqa sahələrdə fəaliyyət göstərən şirkətlər təmsil olunur. Səfər zamanı M.Musayevin Özbəkistanın iqtisadiyyat naziri Botir Xodjayev və bir sıra rəsmi şəxslərlə görüşü nəzərdə tutulub. Azərbaycanlı iş adamları Daşkənd və Səmərqənd şəhərlərində yerli sahibkarlarla görüşlər keçirəcək. Daşkənddə ASK və Özbəkistanın Ticarət və Sənaye Palatası arasında anlaşma memorandumunun imzalanması gözlənilir.
Səfərlə əlaqədar Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Şerzod Fayziyev ASK-nın prezidenti M.Musayevlə görüşüb. ASK-nın fəaliyyəti haqqında ətraflı məlumat verən M.Musayev qurumun əsas vəzifələrindən birinin dövlət hakimiyyəti orqanları qarşısında sahibkarların mənafelərini müdafiə etmək olduğunu deyib.
Ölkədə sahibkarlığın inkişafına Azərbaycan hökumətinin dəstəyindən danışan M. Musayev son illər ölkədə texnoloji parkların yaradıldığını, qanunvericiliyin təkmilləşdirildiyini və islahatların aparıldığını, bunun sahibkarlığın inkişifına böyük təkan verdiyini qeyd edib. Onun sözlərinə görə, xarici investisiyaların qorunmasında sahibkarlar üçün dövlət təminatının mühüm əhəmiyyət kəsb edir və investisiyaların təşviqi məqsədilə Azərbaycanda xarici investorlar üçün bir sıra güzəştlər müəyyən olunub.
Səfir isə bildirib ki, Özbəkistanın yeni rəhbərliyi altında ölkədə prioritet sahələrin inkişafı ilə bağlı beş illik strateji plan qəbul olunub və bu istiqamətdə ölkəsinin Azərbaycan təcrübəsindən öyrənə biləcəyi çox şey var. Onun sözlərinə görə, ölkəsində həyata keçirilən islahatlar həmçinin dövlət-özəl tərəfdaşlığının gücləndirilməsini və investisiya mühitinin yaxşılaşdırılmasını əhatə edir.
Diplomat Özbəkistan hökuməti adından azərbaycanlı iş adamlarının investisiyalarına tam zəmanət verdiyini bildirib: “Diplomatik missiyanın rəhbəri olaraq şəxsən azərbaycanlı iş adamlarının Özbəkistandakı investisiyalarına tam zəmanət verirəm”.
Qeyd edək ki, bugünki səfər Azərbaycan məhsullarının Özbəkistan bazarına daxil olması, azərbaycanlı iş adamlarının bu ölkənin şirkətləri ilə işgüzar əlaqələri qurması və Özbəkistanda investisiya mühiti ilə tanış olması məqsədi daşıyır.