"Almaniya şirkətləri Azərbaycan bazarını araşdırırlar və bu bazara maraqları var".
Eləcə də bax: Almaniyada Ələt Azad İqtisadi Zonasının imkanları - TƏQDİM OLUNUB
FED.az xəbər verir ki, bunu Almaniyanın Azərbaycandakı səfiri Ralf Horleman deyib.
Səfir Almaniya şirkətlərinin Azərbaycanın azad edilmiş ərazilərində fəaliyyəti ilə bağlı məsələdən danışarkən qeyd edib ki, Füzulidə hava limanının tikintisinə Almaniya şirkəti cəlb edilmişdi: "Düşünürəm ki, gələcək illərdə konkret layihələrin həyata keçirilməsi üçün daha çox şirkətlər Azərbaycana gələ bilər”.
Onun sözlərinə görə, oktyabrın 20-22-də Bakı Ekspo Mərkəzində 26-cı Azərbaycan Beynəlxalq İnşaat Sərgisində 8 Almaniya şirkəti məhsullarını təqdim edib: “Həmin şirkətlər Azərbaycanda yeni tərəfdaşlar tapmağa, sövdələşmələr həyata keçirməyə ümid edirlər. Bir çox şirkətlər iki il davam edən pandemiyadan sonra ilk dəfədir ki, İnşaat Sərgisində iştirak edirlər”.
Səfir Azərbaycanda faəliyyət göstərən Almaniya şirkətlərinin pandemiyadan sonra vəziyyətinə münasibət bildirib: “200-dən çox Almaniya şirkəti Azərbaycanda fəaliyyət göstərir. Onlardan bəziləri burda satışla, əsasəni pərakənda satışla məşğuldular. Pandemiya ilə əlaqədar bazar zəif idi, hazırda şirkətlər pandemiyadan sonra bərpa prosesindədir. Pandemiya zamanı təchizat zəncirinin pozulması və resurs çatışmazlığı səbəbindən istehsal imkanlarının aşağı həddinə çatdıqları üçün satış həyata keçirmək çətinləşib”.
Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsi 730 milyon 137 min ABŞ dolları təşkil edib. Bu, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,2 % artıb.
Azərbaycandan Almaniyaya ixrac 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 20 % artaraq 275 milyon 224 min ABŞ dolları təşkil edib. Almaniyadan idxal isə 6,2 % azalaraq 454 milyon 912 min ABŞ dolları təşkil edib. (Report)