“Sədərək” Ticarət Mərkəzində bir qrup sahibkar etiraz əlaməti olaraq bu gün mağazaları bağlayıblar.
FED.az “Yeni Sabah”a istinadən məlumatına görə, iş adamlarından biri deyib ki, etiraza səbəb vergi ilə bağlıdır. O qeyd edib ki, vergi orqanları bir neçə gündür mağazaları yoxlayır və bütün əmlakı qeydiyyata alırlar. Qeydiyyata aldıqlarına görə də indiki pulun yox, yeni gələcək malın vergisini istəyirlər: “Yəni əgər keçən ay 10 min manat malın vardısa, 1 aydan sonra gəlib yoxlayırlar, 11 min manat pul olacaqsa, o zaman min manatın vergisini verməlisən. Sahibkarlar da buna görə narazılıq edir.
Eləcə də bax: Gömrüyün cərimələdiyi şirkət məhkəməyə - MÜRACİƏT EDİB
Onsuz da bazara yer pulu üçün ödəniş edəndə bunun içində vergilər də var. Onunla yanaşı bu vergini də tələb edirlər. 10-15 gün qabaq vergi nümayəndəsi ilə iclas keçirildi. Orada nümayəndə bildirdi ki, malları öz adınıza gətirin. Mənim də dükanıma 8,600 manat pul yazıblar. O qədər malım var. İclasda dedilər ki, malı öz adınıza gətirin, karqoyla deyil.
Mən də nümayəndəyə dedim ki, tək deyil, gömrük işçisiylə gəlsin. Gedib Türkiyədə firmaya girirəm şalvarın biri 10 dollaradır. Mən deyirəm ki, keçən ilki model alacam, bir az ucuz mal istəyirəm. Mənə keçən ilki 5 dollarlıq malı verir. 5 dollardan öz adıma alıb gətirirəm, 36% vergiyə ödəmə edəndə, deyirlər ki, bu mal 5 dollar deyil, 10 dollardır. Sən yəqin, sənəddə qiyməti azaltmısan. Biri var 5 dolların 36%-ni ödəmək, bir də var 10 dolların”.
Sahibkarın sözlərinə görə, malı 5 dollara gətirəndə gömrükdə bu qiymətlə qəbul etmirlər: “Birinci sistemi gömrükdən düzəltsinlər. Gəlib gömrükdə problem yaşamayacamsa, öz adıma mal gətirə bilərəm. Amma problem olacaqsa, elə 3 dolları karqoya verib gətirərəm. Gömrük ucuz malı ucuz qeydiyyata almır. Köhnə mal da olsa, yeni kimi hesab edib yeniylə hesablayır. Biri var paltaryuyan maşın istehsal edir. Çindən 5 dollar 30 sentə motor alıb gətirmişdi. Gəldi burada 4 gün saxladılar. Dedilər ki, bunun qiyməti 15 dollardır”.
Sahibkar bildirib ki, hazırda yalnız geyim mağazaları açıqdır. Amma təsərrüfat və şirniyyat deyilən ərazidəki mağazalar bağlıdır. Sahibkarlar bazar rəhbərliyinin ofisinin qarşısına toplaşaraq problemin həllini tələb edirlər.
@"Yeni Sabah"