Azərbaycanın ən böyük ticarət obyektlərindən olan «Binə» və «Sədərək» fəaliyyətini davam etdirir.
FED.az xatırladır ki, Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə bütün iri ticarət mərkəzlərinin və «Mall»ların fəaliyyətinin dayandırılması haqqında qərar qəbul edib. Və bu qərarın «Binə» və «Sədərək» TM-ə də aid olacağı bildirilirdi.
Amma sözügedən ticarət mərkəzləri martın 23-də də fəaliyyətlərini adi rejimdə davam etdirməkdədir. «Sədərək» TM-in mətbuat xidmətindən FED.az-a bildirilib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın, iri ticarət mərkəzlərinin fəaliyyətinin dayandırılması haqqında qərarı «Sədərək» TM-ə aid deyil, sonradan bu məlumatı FED.az-a Operativ Qərargahdan da təsdiqləyiblər.
Bununla yanaşı, mərkəzlərdə ticarətlə məşğul olanların icarə haqqında dəyişiklik edilib. Sahibkarlara bildirilib ki, obyektlərdən yalnız mart ayının 15-dək olan icarə haqqı yığılacaq, bundan sonra isə icarə haqqı ödənilmədən fəaliyyət göstərəcəklər: “İdarə heyətinin sədri Yusif Qədimovun tapşırığı ilə martın 15-dən başlayaraq bütün sahibkarlar yerpulundan azad ediliblər. İdarə Heyətinin qərarına əsasən, “Sədərək” Ticarət Mərkəzində işləyən sahibkarlar istənilən vaxt mağazalarını bağlaya və məzuniyyət götürə bilərlər. Ölkədə koronavirus təhlükəsi davam etdiyi müddətcə heç bir sahibkardan yer pulu alınmayacaq. Bazar fəaliyyətini davam etdirsə də, bu, dəyişməyəcək”.
TM-dən FED.az-a bildirilib ki, icarə haqqı ilə bağlı bu qayda koronavirusla bağlı məhdudiyyətlər aradan qaldırılanadək davam edəcək.