"Sədərək" Ticarət Mərkəzinin rəhbərliyinin dəyişdirilməsi ilə bağlı bəzi saytlarda yayılan məlumatlar yalandır.
Eləcə də bax: “Binə” və “Sədərək” niyə açılmaılıdır? – Deputatdan Açıqlama
FED.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında "Sədərək" Ticarət Mərkəzinin İdarə Heyəti sədrinin müşaviri Mikayıl Qədimov deyib. Onun sözlərinə görə, hazırda mərkəzin rəhbəri Yusif Qədimbəylidir: "Ticarət mərkəzi şəxsi sahibkarlıq obyektidir və bu mərkəzin sahibi də Yusif Qədimbəylidir. Nə mərkəzdə, nə də idarə heyətində heç bir dəyişiklik yoxdur. Yusif Qədimbəyli hazırda da iş başındadır və mərkəzin fəaliyyətini bərpa etməsilə bağlı verdiyi lazım olan tapşırıqlara özü xüsusi nəzarət edir. Onun rəhbərlikdən getməsilə bağlı yayılan şayiələr əsassız və yalandır. Hazırda mərkəz rəhbərinin göstərişi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıq və tövsiyələrinə ciddi nəzarət edilir, ticarət mərkəzində mütəmadi dezinfeksiya işləri aparılır, bazar fəaliyyətini tam bərpa etməyə hazırdır. Mərkəzin sahibkarları onlayn satışla məşğuldurlar. Operativ Qərargah nə vaxt iri ticarət mərkəzlərinin fəaliyyətinə icazə versə, həmin vaxt biz də fəaliyyətimizi bərpa edəcəyik".
M.Qədimov bildirib ki, "Sədərək" Ticarət Mərkəzinin adının kimlərləsə hallandırılması gülüncdür: "Yusif müəllim sahibkar kimi daim ölkə ərazisinə sərmayə yatırıb, ayrı-ayrı sahələrin inkişafına yardım edib və bu proses davam etdirilir. Biz həmişə Azərbaycanda dövlətçiliyin və biznes mühitinin inkişafına xidmət etmişik. Bundan sonra da edəcəyik. Ölkədə koronavirusla mübarizə tədbirlərinə start veriləndə Koronavirusla Mübarizə Fonduna yardım edən ilk şirkətlərdən biri də "Sədərək" Ticarət Mərkəzi olub və bu istiqamətdə əlavə tədbirlərimiz də görülür. Pandemiya dövründə lazım olan bütün tədbirlərə dəstək oluruq, mərkəzdə qaydalara ciddi riayət edilir".