“Səba” ASC-nin hər birinin nominal dəyəri 2 manat olan 2 395 296 ədəd səhminin tamamilə satışa çıxarıldığı barədə məlumat doğru deyil”.
FED.az xəbər verir ki, bunu “Səba” ASC-nin hüquqşunası Ramil Süleymanov bildirib.
“Bildirmək istəyirəm ki, Bakı Fond Birjasının rəsmi internet səhifəsində gedən məlumatda texniki yanlışlıq görünməkdədir. Belə ki, “Səba” ASC-nin hər birinin nominal dəyəri 2 manat olan 2 395 296 ədəd səhminin tamamilə satışa çıxarıldığı barədə məlumat doğru deyil. Bu gün “Səba” ASC-nin bizə məlum olan bir səhmdarı malik olduğu 168 ədəd səhmi “Unicapital İnvestisiya Şirkəti” vasitəsilə digər bir şəxsə satmışdır. Bu şəxs (səhmləri alan) bizə məlum deyil. Səhmdarın adı Azərbaycan Respublikası Milli Depozit Mərkəzindən Qiymətli Kağız Mülkiyyətçilərinin Reyestrini alacağımız zaman bizə məlum olacaqdır. Yəni, bir daha vurğulamaq istəyirəm ki, burada satış predmeti “Səba” ASC-nin tam səhm paketi deyil, yalnız səhmdarlardan birinin mülkiyyətində olan 168 ədəd adi səhmin alqı-satqısıdır”,- şirkətin hüquqşunası bildirib.
Xəbər verdiyimiz kimi, Bakı Fond Birjasının (BFB) yaydığı məlumata görə, 27 avqust 2018-ci il tarixindən etibarən BFB-nin Listinq Komitəsinin qərarı ilə "Səba" ASC-nin qiymətli kağızları BFB-də Alternativ Bazar seqmentində listinqə daxil edilmişdir. Məlumatda qeyd edilib ki, bu gün, hər birinin nominal dəyəri 2 manat olan 2 395 296 ədəd səhm ticarətə buraxılıb (cəmi 4 milyon 790 min 592 manatlıq).
BFB-nin məlumatına istinad etsək, ticarətə buraxılan səhmlər "Səba"nın nizamnamə kapitalına qarşılq gəlir (hər birinin nominal dəyəri 2 manat olan 2 395 296 ədəd səhm). "Səba" ASC 2017-ci ilin sonunda 4 milyon 790 min 591 manat nizamnamə kapitalına malik olub.
Qeyd edək ki, bu məqalədə səslənən, eləcə də, istənilən xarici və yerli şirkətlərin səhmlərini və digər qiymətli kağızlarını «PSG-Kapital» investisiya şirkətinin vasitəsilə əldə etmək olar.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.