Enerji sistemində yaranan problem zamanı Bakının marketlərində bəzi məhsulların satışı kəskin artıb.
FED.az-ın apardığı araşdırma göstərdi ki, son iki gün ərzində həm işıq, həm də su təchizatında yaranan problemlər marketlərdə bəzi məhsulların satış həcmini artırıb.
Belə ki, ticarət şəbəkələrində içməli su, şam və fənərlər, yaş salfetlər, hazır qidalar və dipər mallar böyük tələbatla satılıb.
«Megastore» ticarət şəbəkəsindən FED.az-a bildirilib ki, son iki gündə ən çox satılan məhsullar şam, su (məişətdə istifadə üçün 5-10 litrlik qablarda olanlar) olub. Şamlara tələbat hətta o qədər artıb ki, mağazadakı şamlar satılıb qurtarıb: «Şam məhsullarının satışının bu qədər olmasını gözləmirdik, şamların hamısı satıldı və onları yenidən sifariş verdik».
Digər ticarət şəbəkəsi olan «Rahat market»də isə texniki avadanlıqların satışının artdığını qeydedirlər. Buradan bildirilib ki, son iki gündə ən çox satılan məhsullar içməli su, işıqlandırıcı cihazlar, o cümlədən enerji yığan və batereyalarla işləyən digər cihazlar olub. Mağazada bildiriblər ki, enerjidə yranan problem bəzi sıxıntılar yaratsa da, onlar bu problemlərə əvvəlcədən hazırlıqlı olublar.
«Bolmart» ticarət şəbəkəsi də bu günlərdə ən əox satılan məhsulların iməli su və şam olduğunu bildirib.
«Real-S supermarket»ində də eyni məhsulların satışının artdığı qeyd edilib.
Ölkənin ən böyük ticarət şəbəkəsi olan «Araz» marketlər şəbəkəsində də içməli su satışının kəskin artdığı bildirilib. Şəbəkədən FED.az-a verilən məlumata görə, son iki gündə gündəlik istifadə üçün nəzərdə tutulan 5-10 litrlik qablardakı qazsız suların satışı rekord vurub: «Biz bütün gün ərzində anbarlardan mağazalara həmin suları çatdırmaqla məşğul olmuşuq». Suya tələbat şəhərin ayrı-ayrı ərazilərində fərqli olub. Belə ki, ən çox su satışı şəhərdə suyun kəsildiyi hissələrdə müşahidə edilib. Nəticədə «Araz» şəbəkəsində suya tələbat olan mağazalara içməli su digər mağazalardan da daşınıb.
Ümumən müşahidələr və apardğımız araşdırmalar göstərir ki, ötən gün marketlərdə yaş salfetlər, hazır yeməklər və dondurmalara da tələbat kəskin yüksəlib. Bəzi ərazilərdə enerjinin kəsilməsi səbəbindən yemək hazırlaya bilməyən ailələr hazır qidalara üstünlük verib.
Yeri gəlmişkən, «Araz» şəbəkəsindən o da vurğulanıb ki, iıqların kəsilməsinə baxmayaraq, «Araz» qrafik üzrə gecə saat 12-dək çalışıb və müştərilərə xidmət edib.
Qeyd edək ki, bu dövrdə bəzi şəbəkələr enerjinin kəsilməsindən dərhal sonra xidməti dayandırmışdılar. Bəzi mallara tələbatın kəskin artmasının səbəbi də, məhz bu olmuşdu.
«Satışın belə artacağını gözləmirdik» - MARKETLƏRƏ AXIN OLUB
13:48
4 İyul 2018