Dünyada saqqal saxlayanların sayınnı artması, xüsusilə də milleniallar arasında saqqalın dəbə minməsi təraş məhsulları istehsalçılarına baha başa gəlib. FED.az xəbər verir ki, «Procter & Gamble» 2019-cu ilin ikinci rübünü 5 milyard dollar zərərlə başa vurmasında saqqallıları günahkar elan edib.
Şirkətin tərkibində olan dünyanın ən böyük təraş ülgücü istehsalçısı «Gillette»in satışları azalıb. «Gillette»in 8 milyard dollar zərərə düşməsi «Procter & Gamble»in ümumilikdə 5 milyard dollarlıq zərəri ilə nəticələnib. Son 11 aydır ki, Gillette-in satışları azalmaqdadır.
«P&G»in maliyyə direktoru Con Meller bildirir ki, satışların azalması kişilərin üzlərini getdikcə daha az təraş etməsi ilə bağlıdır. «Euromonitor»un hesablamalarına görə, son 5 ildə bu bazar 11% azalaraq 2015-ci ildəki 2,4 milyard dollardan 2018-ci ildə 2,2 milyard dollara düşüb.
«Behavioral Ecology» jurnalının araşdırmalarına görə isə, satışların azalmasının səbəbi xüsusilə millenialların saqqal saxlamağa başlamasıdır. Araşdırma göstərib ki, saqqallı insanlar daha ciddi təsir bağışladığına görə öu trend qüvvədədir.
Təraş vərdişlərinin azalmasının bir səbəbi də belə cihazların ucuz olmamasıdır. Bəzi istifadəçilər bildirir ki, normal təraş edildikdə hər il Gillette məhsullarına 200 dollar xərcləmək tələb olunur.