"Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunun tətbiq dairəsi genişləndirilib.
FED.az xəbər verir ki, Prezident İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunu təsdiq edib.
Qanun tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara münasibətdə məhsul nümunələrinin götürülməsi və onların tədqiqi (sınağı) ilə bağlı işlərin (xidmətlərin) dəyərinin ödənilməsinin tətbiqinə hüquqi əsaslar yaradacaq.
Qeyd edək ki, tikinti dövlət nəzarətinin həyata keçirilməsinin spesifikliyini və bu məsələlərin Azərbaycan Respublikasında Şəhərsalma və Tikinti Məcəlləsi və ona uyğun olaraq qəbul edilmiş normativ hüquqi aktlarla tənzimləndiyini nəzərə alaraq, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanun tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar məhdud çərçivədə tətbiq olunur. Bu, onunla bağlıdır ki, tikinti fəaliyyətinin ən müxtəlif istiqamətləri üzrə tikintiyə nəzarət məsələləri (tikinti materiallarına tələblər, tikintidə təhlükəsizlik, tikintiyə icazənin verilməsi, tikinti layihələrinin ekspertizası, tikinti işlərinin dayandırılması, tikintiyə nəzarət, tikinti obyektinin istismarına, icazə və s), Şəhərsalma və Tikinti Məcəlləsində öz həllini tapıb. Lakin tikinti sektoru üzrə özü də bir sahibkarlıq fəaliyyəti olduğundan və sahibkarlıq sahəsində yoxlamaları tənzimləyən baza sənəd olaraq, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunun ayrı-ayrı müddəalarının bu münasibətlərə tətbiqi zərurəti yaranır.
Qanun istehsal edilən və ya satılan (satış üçün nəzərdə tutulan) hər hansı inşaat məhsulunun və ya xammalın müəyyən edilmiş tələblərə uyğunluğunun yoxlanılması zamanı götürülən məhsul nümunələrinin dəyərinin ödənilməsi məsələlərini tənzimləməklə (götürülən məhsulun dəyərinin yoxlayıcının hesabına ödənilməklə), sahibkarların maraqlarının müdafiəsinə xidmət edir.