Qida Təhlükəsizliyi Agentliyi sahibkarlara xəbərdarlıq edib.
FED.az-ın məlumatına görə, gələn ilin yanvarından qida təhlükəsizliyi qeydiyyatından keçməyən sahibkarlara qarşı nəzarət tədbirləri sərtləşdiriləcək.
Eləcə də bax: AQTA fındıq ixrac edən sahibkarlara - XƏBƏRDARLIQ EDİB
Agentlikdən bildirilib ki, qida təhlükəsizliyi qeydiyyatı ölkə daxilində qida sahəsində fəaliyyət göstərən, eləcə də xaricdə fəaliyyət göstərən və Azərbaycana qida məhsulları ixrac edən sahibkarlar üzərində nəzarət üçün aparılan qeydiyyat prosedurudur. Qeydiyyatdan keçmiş subyektlər qida təhlükəsizliyi reyestrinə daxil edilərək onlara “Qida təhlükəsizliyi reyestrindən çıxarış” təqdim edilir.
İndiyədək sahibkarlara bu barədə məlumat verilib. «Amma təəssüf ki, qida təhlükəsizliyi qeydiyyatının mahiyyəti, habelə əhəmiyyəti və üstünlükləri sahibkarlar tərəfindən düzgün qiymətləndirilmir və nəticədə Qida Təhlükəsizliyi Agentliyi ilə əməkdaşlıqdan yayınma halları müşahidə edilir»-deyə agentlikdən bildirilib.
Agentlik bildirib ki, 2020-ci ilin yanvarından etibarən qida təhlükəsizliyi qeydiyyatından keçməyən sahibkarlar üzərində nəzarəti daha da gücləndirəcək. Bu məqsədlə nəzarət yoxlama tədbirləri aparılacaq və aşkar olunan qeydiyyatsız müəssisələrin fəaliyyəti məhdudlaşdırılacaq. Eyni zamanda həmin müəssisələrin məhsulları dövriyyədən çıxarılacaq və qanunsuz fəaliyyətə görə inzibati tədbirlər görüləcək. Ona görə də sahibkarların qısa müddət ərzində qida təhlükəsizliyi qeydiyyatından keçməyi tələb olunur.
Agentlikdə xüsusi vurğulayırlar ki, qida təhlükəsizliyi qeydiyyatı müddətsizdir və sahibkarlara bu sahədə fəaliyyət üçün geniş imkanlar yaradır. Belə ki, qida təhlükəsizliyi qeydiyyatına alınmış və dövlət reyestrinə daxil edilmiş sahibkarların müvafiq sahədə ölkə daxilində məhsul və xidmət çeşidlərinin dövriyyəsi üçün əlavə sertifikatlaşdırmaya ehtiyac duyulmur.
Agentlik qida təhlükəsizliyi qeydiyyatı üzrə dövlət rüsumlarını da açıqlayıb: “Dövlət rüsumu haqqında” Qanuna əsasən qida təhlükəsizliyi qeydiyyatı reyestrdən çıxarışın verilməsi 150 manat, reyestr məlumatlarında fəaliyyət sahəsindən asılı olaraq baş verən dəyişikliyin edilməsi 50 manat, reyestrdən çıxarışın dublikatının verilməsi üçün 10 manat nəzərdə tutulub. Qida təhlükəsizliyi qeydiyyatı bir dəfə aparılır və “Lisenziyalar və icazələr haqqında” Qanuna əsasən reyestrdən çıxarışlar müddətsiz təqdim olunur.