Məlumat verildiyi kimi, Bakının Nizami rayonunda yerləşən ticarət mərkəzində baş vermiş yanğında zərər çəkmış sahibkarlara maddi yardım göstərilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi qaydası təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır.
Aprelin 4-dən İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin inzibati binasında zərər çəkmiş sahibkarlardan maddi yardımın göstərilməsi ilə bağlı sənədlərin qəbuluna başlanılmışdır.
Aprelin 4-də 93 sahibkarın maddi yardımla bağlı ərizəsi qəbul edilib. İşçi Qrupu tərəfindən 57 sahibkara 570 min manat ödənilməsi qərara alınıb, 36 müraciət üzrə araşdırma aparılır.
Bu gün isə maddi yardımın göstərilməsi üçün daha 90 sahibkardan ərizə qəbul edilib. Ümumilikdə, indiyədək 183 sahibkar maddi yardımla bağlı ərizə ilə müraciət edib.
Maddi yardım göstərilməsi qaydasına əsasən müəyyən olunmuş vəsaitlərin artıq zərər çəkmiş sahibkarların bank hesablarına köçürülməsinə başlanmışdır.
Qeyd edək ki, ödənişlər “Kapital Bank” və "TuranBank” vasitəsilə həyata keçirilir. Vəsaitlər sahibkarlara bank kartları vasitəsilə nağdsız şəkildə verilir və banklar tərəfindən maddi yardımdan xidmət haqqı tutulmur.
Aprelin 5-də İqtisadiyyat naziri Şahin Mustafayevin iştirakı ilə yanğından zərər çəkmiş 57 sahibkara bank kartları təqdim edilmişdir.
Zərər çəkmiş sahibkarlardan sənədlərin qəbulu və maddi yardımın ödənilməsi prosesi davam edir.