Azərbaycan hökuməti tərəfindən hazırlanan iqtisadi paket sahibkarlara həm də kreditlər sayəsində dəstəyin nümayiş etdirilməsini nəzərdə tutur. Nəzərə alsaq ki, sahibkarlara dəstək iki formada həyata keçiriləcək. Təsdiq olunmuş paketə əsasən, martın 10-dək pandemiyanın təsir etdiyi sektorlarda çalışan sahibkarların aldıqları kreditlərə 10 faiz subsidiya tətbiq olunacaq.
Eləcə də bax: Sahibkarların götürdüyü kreditlərin - 10 FAİZİNİ DÖVLƏT ÖDƏYƏCƏK
FED.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
“Nəzərə alsaq ki, real sektorda orta kredit faizi 12 faizdir, bəzi hallarda bu 14 faizə çatır. Nəticədə alınan kreditin 14 faizi ilk faizlə alınıbsa, onun 10 faizini dövlət subsidiya edəcək, 4 faizini sahibkar qaytaracaq. Əgər 12 faizlə kredit alınıbsa, onun 10 faizini dövlət subsidiya edir, 2 faizini sahibkar ödəyəcək. Nəticədə bu, sahibkarın kredit xərclərinin azalmasına gətirib çıxaracaq. Söhbət 1 milyard manatlıq kreditə 10 faizlik subsidiyanın verilməsindən gedir. Bu istiqamətə 100 milyon manat vəsait ayrılacaq. Bu da imkan verəcək ki, sahibkarlar kredit öhdəliklərini pandemiya dövründə yerinə yetirməkdə çətinliklərlə rastlaşmasınlar. Sahibkarlara bu istiqamətdə həm də vergi güzəştləri də tətbiq olunur. Bu da birbaşa sahibkarların xərclərini azaltmaq məqsədi daşıyır. Digər tərəfdən sahibkarlara 500 milyon manatlıq güzəştli kredit təklif olunur ki, bunun da 60 faizinə dövlət zəmanət verəcək. Bu imkan verəcək ki, pandemiyanın təsir etdiyi sektorda çalışan sahibkarlar həmin güzəştli kreditlərdən birbaşa faydalana bilsinlər. Bu da onlara kredit əldə edərək öz fəaliyyətlərini genişləndirmək imkanı verəcək. İki formada tətbiq edilən kredit güzəştləri sahibkarların dövlət tərəfindən daha yaxından dəstəklənməsi məqsədi daşıyır. Onların kredit resurslarına çıxış imkanları, kredit xərclərinin azalmasına xidmət edir. Bu da ondan xəbər verir ki, pandemiya dövründə sahibkarların birbaşa dövlət maliyyəsi ilə yanaşı, onların xərclərinin azaldılması, eyni zamanda, kredit resurslarına çıxış imkanlarının artırılmasını özündə əks etdirən paket icra olunur”, - deyə deputat diqqətə çatdırıb.