Oktyabrın 6-da Azərbaycan Mərkəzi Bankı (AMB) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən müvafiq olaraq “ Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrinin (DƏYDR) sahibkarlıq fəaliyyətində rolu” və “KOBİA və KOB Dostu xidmətinin fəaliyyəti” mövzularında vebinar keçirilib.
Eləcə də bax: Hərbi təxribatından ziyan çəkmiş - Sahibkarların Nəzərinə!
FED.az xəbər verir ki, AMB-dən bildirilib ki, sahibkarların iştirakı ilə keçirilən görüşdə DƏYDR-in mahiyyəti, təminat predmeti olan daşınar əmlaklar, daşınar əmlakı girov qoyaraq kreditin əldə olunması imkanları, müraciət prosedurunun asanlığı barədə məlumatlar verilib və informasiya resursunun üstün cəhətləri nümayiş etdirilərək geniş fikir mübadiləsi aparılıb. Eyni zamanda, KOS subyektlərinin diqqətinə çatdırılıb ki, DƏYDR-dən aktiv istifadəni təşviq etmək məqsədilə xidmət haqların əhəmiyyətli aşağı salınması istiqamətində mövcud hüquqi-normativ bazaya dəyişikliklər edilib.
Vebinarda KOBİA tərəfindən kiçik və orta sahibkarlığın yaradılması və inkişafının bütün mərhələlərində göstərilən dəstək tədbirlərindən danışılıb. Güzəştli maliyyə mənbələrinə çıxışın asanlaşdırılması, davamlı təlim sisteminin yaradılması, yeni ideya və innovasiyaların biznesə inteqrasiyası, sahibkarların maraqlarının müdafiəsi və digər istiqamətlər üzrə müzakirələr aparılıb.
Ölkədə əhalinin və biznes subyektlərinin maliyyə resurslarına çıxışının asanlaşdırılması və yeni maliyyə alətlərindən geniş istifadənin təmin edilməsi məqsədilə Mərkəzi Bank tərəfindən bu mövzuda müvafiq görüşlərin davamlı keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə qarşıya qoyulan əsas hədəflərdən biri KOS subyektlərinin maliyyə vəsaitlərinə əlçatanlığını yaxşılaşdırmaq və onların daşınar əmlakı girov qoyaraq kredit almaq imkanlarını artırmaqdır. Bu məqsədlə yaradılmış Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrinin cari tələblərə mütəmadi olaraq aktuallaşdırılması, əhatə dairəsinin genişləndirilməsi, habelə KOS subyektlərinin DƏYDR-in mahiyyəti barədə maarifləndirilməsi istiqamətində Mərkəzi Bank tərəfindən davamlı olaraq tədbirlər həyata keçirilməkdədir.