Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının birgə təşkilatçılığı ilə 16 aprel saat 16:00-da “Sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi” mövzusunda vebinar keçiriləcək.
FED.az xəbər verir ki, vebinarda sahibkarlara Fond tərəfindən təklif olunan maliyyə mexanizmləri, o cümlədən güzəştli kredit, avadanlıq krediti, kreditlərə zəmanət və mövcud kredit portfelinin subsidiyalaşdırılması mexanizmləri, onların şərtləri, müraciət forması və tələb olunan sənədlər barədə geniş məlumat veriləcək. Həmçinin sahibkarlar İqtisadiyyat Nazirliyi tərəfindən yaradılmış Elektron Kredit Platforması və onun üstünlükləri ilə yaxından tanış olacaqlar.
Vebinarda iştirak üçün qeydiyyatdan keçmək mütləqdir. Qeydiyyat üçün aşağıdakı məlumatları [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur:
• Ad, soyad
• Təmsil edilən qurum
• Vəzifə
• E-mail ünvanı
• Telefon nömrəsi
Qeyd etmək lazımdır ki, Sahibkarlığın İnkişafı Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların layihələrinin güzəştli şərtlərlə maliyyələşdirilməsini həyata keçirir və qurumun əsas məqsədi Azərbaycanda sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin göstərilməsini təmin etmək, sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsində ən qabaqcıl beynəlxalq təcrübələrin təşviqi yolu ilə dövlət-sahibkar əməkdaşlığının inkişafına və qarşılıqlı inam mühitinin yaradılmasına nail olmaqdır.