Prezident İlham Əliyev ölkə sahibkarlarını fəal olmağa, yeni iş yerləri yaratmağa çağırıb. FED.az xəbər verir ki, Nazirlər Kabinetinin iclasında çıxış edən dövlət başçısı bildirib ki, Azərbaycan dövləti həmişə sahibkarlara dəstək olub: «Onlara güzəştli kreditlər, infrastruktur layihələri vasitəsilə dəstək verilir. Bu günədək shibkarlara 2 milyard manatadək güzəştli kredit verilib, təkcə bu il 170 milyon manat kredit veriləcək».
İlham Əliyev bildirib ki, ona görə də sahibkarlar fəal olmalı, yeni müəssisələr və iş yerləri yaratmalıdırlar: «Mən onlara tövsiyə etmişdim ki, onlar mövcud müəssisələrdə əlavə iş yerləri yaratsınlar. Dövlət 40 min əlavə ictimai iş yeri yaradır. Mənə verilən məlumata görə, sahibkarlar bu il hardasa 8 min ödənişli ictimai iş yeri yaradacaqlar. Onlar üçün bu böyük yük olmayacaq, ancaq vətəndaşların məşğulluq problemini həll edəcək. Baxın dövlət və özəl spktor ancaq ictimai işlərlə bağlı bir il ərində 50 minə yaxın iş yeri yaradacaqlar. Və əlbəttə ki, biz gözləyirik ki, yeni müəssisələr və sənaye sahələri yaradılacaq ki, iş yerləri daha da çox olsun».