Azərbaycan Sahibkarlar Təşkilatları (İşəgötürənlər) Milli Konfederasiyasının (ASK) Rəyasət Heyətinin iclası keçirilib. ASK-dan FED.AZ-a bildirilib ki, iclas Konfederasiyanın birinci yarım ilində görülmüş işlərə həsr olunub. Təqdimatla çıxış edən baş katib əvəzi Kristina Məmmədova keçirilən tədbirlər, Konfederasiyada aparılan struktur islahatları və kadr dəyişikliyi ilə bağlı məlumat verib.
Eləcə də bax: Ərəblərin Azərbaycanda yatırım etmək istədikləri – SAHƏLƏR VƏ RAYONLAR - AÇIQLANDI
Baş katibin müavini Fuad Hümbətov ASK-nın beynəlxalq əlaqələri, xarici ölkələrdəki yeni nümayəndələri, imzalanmış yeni əməkdaşlıq müqavilələri barədə danışıb, Xəqan Hümbətzadə sahibkarlardan daxil olan şikayətlər, onlara ilkin hüquqi yardımın göstərilməsi və məhkəmə-hüquq sistemindəki islahatlarla bağlı ASK-nın üzərinə düşən vəzifələrin icra vəziyyətinə aydınlıq gətirib.
Baş katibin müavini Nərmin Qəniyeva üzvlüyə müraciət etmiş yeni namizədlərin siyahısını təqdim edib. Rəyasət Heyəti səsvermə yolu ilə namizədlərin üzvlüyə qəbuledilməsini təsdiqləyib.
Sonra ASK-nın tərkibində yeni formalaşan “Nəqliyyat və Logistika müəssisələri ilə İş Komissiyası”, “Ticarət müəssisələri ilə İş Komissiyası”nın əsasnaməsi və tərkibi də səsvermə yolu ilə təsdiqlənib.
“ASK Business Consulting”in direktor müavini Aqil Babayev şirkətin təşkil etdiyi biznes görüşlər, göstərilən xidmətlər, hazırda icrada olan layihələr haqqında məlumat verib.
ASK və Vergilər Nazirliyi, ASK və Gömrük Komitəsi arasında əməkdaşlıq şuralarının fəaliyyəti barədə qurumun vitse-prezidentləri Zakir Nuriyev və Vüqar Abbasov çıxış ediblər.
İclasda, həmçinin Nazirlər Kabinetinin sahibkarların kateqoriyaya bölünməsi üzrə müvafiq qərarı əsasında ASK üzvləri üçün nəzərdə tutulmuş üzvlük haqqı normalarına yenidən baxılıb və səsvermə ilə qəbul edilib.