Koronavirusun yayılmasından sonra bir çox ölkələrlə sərhədlərin bağlanması və həmin ölkələrdən məhsulların gətirilməsinə qoyulan qadağa bəzi sahələrdə qiymət artımı ilə nəticələnib. Bu isə el şənliklərinə də təsir edib. FED.az xəbər verir ki, Sputnik Azərbaycan koronavirusun yayılmasının toy biznesinə təsirini araşdırıb.
Eləcə də bax: Şadlıq evləri üçün - VERGİ CƏRİMƏLƏRİ AÇIQLANDI
Bakı sakini Esmira Nuriyeva Sputnik Azərbaycan-a açıqlamasında bir neçə ay öncə toy etdiyi şadlıq evində menyunun qiymətinin 4 manatadək bahalaşdığını söyləyib. Onun sözlərinə görə, qızına toy edərkən 33 manatlıq menyu sifariş etdiyi halda həmin menyu indi 37 manat olub: "Qızımın toyunu etdiyim şadlıq sarayında qardaşım oğlunun kiçik toyunu etmək istədik. Restorandan 33 manatlıq menyunu 37 manata qaldırdılar. Səbəb kimi isə koronavirusa görə ərzaq məshullarının qiymətinin artmasını əsas göstərirlər".
Eləcə də bax: Toy musiqiçiləri, tamadalar, rəqqaslar və fotoqrafların - VERGİSİ AZALDILIR
Əlaqə saxladığımız şadlıq evlərinin çoxu qiymət artımını təsdiq etməsələr də, bəziləri qiymətlərdə cüzi bahalaşma olduğunu dedilər. "Su səsi" şadlıq evindən bildirdilər ki, başlanğıc menyu adambaşına 60 manatdır. Restorandan əvvəllər qiymətin 55 manat olduğunu təsdiqlədilər.
"Monte Karlo" şadlıq sarayından isə qiymətin əsasən qonaq sayına görə dəyişdiyini söylədilər. Şadlıq sarayının inzibatçısı bildirdi ki, qonaq sayı artdıqca qiymətlər də aşağı düşür.
Eləcə də bax: Qonaqların sayı maksimum 200 nəfər olmalıdır - ÖZBƏKİSTANDA TOY ÜÇÜN YENİ QAYDALAR
Əlaqə saxladığımız digər şadlıq saraylarından isə qiymətlərdəki artımın əsasən ət məhsullarında bahalaşma ilə bağlı olduğunu dedilər. "Röyal" şadlıq sarayından bildirdilər ki: "Əvvəl əti alırdıq 9 manata, indi isə qiyməti 14 manatdır. Toyuq ətinin də qiymətində cüzi dəyişiklik var".
Eləcə də bax: ŞADLIQ EVLƏRİ: «Toy sahiblərinə nə deyəcəyimizi bilmirik» - MÜBAHİSƏ
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, xaricdən gətirilən mal kateqoriyasında qiymət artımı restoran və şadlıq evlərinin menyusuna təsirsiz ötüşmür. AİB sədri deyir ki, biznes qurumları hər zaman olduğu kimi, yaranan vəziyyətdən öz xeyirlərinə istifadə edirlər:
"Şadlıq evlərində menyuların qiyməti onsuz da bahadır. İndi də virusun yayılmasını və bəzi məhsulların ölkəmizə idxalının yasaqlanmasını bəhanə edib qiymət artırmağa cəhdlər edirlər. Bu, hər zaman olduğu kimi restoran biznesi ilə məşğul olanların süni qiymət artımıdır. Çünki koronavirus yeni yayılıb. Ölkəmizə çox az sayda məhsulun idxalına müvəqqəti məhdudiyyət qoyulub. Bu isə yerli bazarda qiymətlərə belə tezliklə təsir edə bilməz".
Eləcə də bax: Şadlıq evləri maliyyə sanksiyasından yayınmağın - YOLUNU TAPDILAR
İqtisadçı Samir Əliyev isə bildirib ki, koronavirus nəinki ərzaq, qeyri-ərzaq məhsullarının da qiymətinə təsir edib: "Bu virusun yayılmasından sonra Türkiyədən gətirilən geyim məhsullarının qiyməti bahalaşıb. Azərbaycana ərzaq məhsulları isə İrandan daha çox gəlirdi. İranla sərhədlərin bağlanması ərzaq bazarına təsirsiz ötüşə bilməz. Qiymət artımının ilkin əlamətləri artıq müşahidə olunur. Bu, iqtisadçılar tərəfindən də proqnozlaşdırılmışdı. Proses davam etdikcə qiymətlərdə bahalaşma qaçılmazdır. Ərzaq məhsullarının qiymətinin artmasının başqa sahələrə təsiri getdikcə güclənəcək. Hələ ki restoranların menyusunda bahalaşma bunun ilkin əlamətləridir və daha da arta bilər".
Eləcə də bax: İrandan Azərbaycana nə gətirilir - HANSI MALLAR BAHALAŞA BİLƏR? - SİYAHI
İqtisadçı deyir ki, bu, el şənlikləri keçirənlərin sayında azalmaya da gətirib çıxardacaq: "Toylar təxirə salınmasa da, ən azından, insanlar ad günü və sair bu kimi banketləri təxirə sala bilərlər. Elə qeyri-ərzaq məhsullarında da bahalaşma toy biznesinə təsir edəcək. Çünki ailə quranlar cehiz, qızıl, geyim kimi mallar alırlar. Bu malların qiyməti kəskin artarsa, toy edənlərin sayı da azala bilər.
Nəzərə alaq ki, Azərbaycana qeyri-ərzaq məhsullarının çoxu Çindən gətirilir, İrandan və Türkiyədən də ölkəmizə bu kimi mallar idxal edilirdi. Koronavirusa görə sərhədlərin bağlanması, sözsüz ki, həmin məhsullara tələbatı artıracaq və qiymətlər bahalaşacaq".
Qeyd edək ki, koronavirus yayılandan Azərbaycan bəzi ölkələrdən dəniz və ev heyvanları, quşlar, həmçinin heyvan və quş mənşəli ət məhsullarının idxalına qadağa qoyub. Yanvarın 10-dan sonra Ukrayna, Slovakiya, Rumıniya, Macarıstan, Polşa, Çexiya, Almaniya, Hindistan, Danimarka, Səudiyyə Ərəbistanı, Vyetnam, Çindən Azərbaycana quş və quşçuluq məhsullarının gətirilməsi tam yasaqlanıb.