Sabah “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası” qüvvəyə minir.
ELƏCƏ DƏ BAX: Bəzi sahibkarlıq subyektlərinə güzəşt və imtiyazlar veriləcək
FED.az-ın məlumatına görə, Qaydaya əsasən aşağıda göstərilən bütün tələblərə cavab verən aşağı risk qrupuna aid şəxs idxal-ixrac əməliyyatlarının həyata keçirilməsi üçün “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ əldə edə bilər:
- idxal əməliyyatlarının həyata keçirilməsi sahəsində son 1 il ərzində təcrübəsi olan;
- gömrük orqanlarının təqdim etdikləri elektron xidmətlərdən istifadə bacarıqları olan və ya bu xidmətlərdən istifadəni təmin edəcək səlahiyyətli şəxslə müqaviləsi olan;
- daşımaları beynəlxalq daşıma standartlarına cavab verən nəqliyyat vasitələrindən istifadə edilməklə həyata keçirən;
- Nazirlər Kabinetinin müəyyən etdiyi tələblərə cavab verən malların saxlancı üçün nəzərdə tutulan anbarlardan (bundan sonra – anbar) istifadə edən;
- qaçaqmalçılıq və ya gömrük ödənişlərinin ödənilməsindən yayınma ilə bağlı cinayətə görə məhkumluğu olmayan, o cümlədən məhkumluğu ödənilmiş və ya götürülmüş.
Gömrük orqanlarının təqdim etdikləri elektron xidmətlərdən istifadə bacarıqları olan və ya bu xidmətlərdən istifadəni təmin edəcək səlahiyyətli şəxslə müqaviləsi olan, daşımaları beynəlxalq daşıma standartlarına cavab verən nəqliyyat vasitələrindən istifadə edilməklə həyata keçirən və qaçaqmalçılıq və ya gömrük ödənişlərinin ödənilməsindən yayınma ilə bağlı cinayətə görə məhkumluğu olmayan, o cümlədən məhkumluğu ödənilmiş və ya götürülmüş şəxs isə yalnız ixrac əməliyyatlarının həyata keçirilməsi üçün “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ əldə edə bilər.
“Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etmiş şəxs aşağıdakı üstünlüklərə malik olur:
- malların və nəqliyyat vasitələrinin gömrük sərhəd buraxılış məntəqələrindən daha sürətli keçidinin təmin edilməsi;
- gömrük sərhəd buraxılış məntəqələrində, ticarətin asanlaşdırılması mərkəzlərində və gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün müəyyən edilmiş digər yerlərdə gömrük orqanlarının göstərdikləri xidmətlərin prioritet qaydada yerinə yetirilməsi;
- gömrük auditinin tətbiqi ilə fiziki gömrük yoxlamalarının minimuma endirilməsi;
- malların gömrük ekspertizasının aparılması xidmətlərinin prioritet qaydada həyata keçirilməsi.
“Yaşıl dəhliz” buraxılış sisteminin daimi istifadəçisi göstərilən üstünlüklərdən istifadə etmək üçün aşağıdakı tələbləri yerinə yetirməlidir:
- idxalı nəzərdə tutulan mallara və nəqliyyat vasitələrinə dair məlumatları özündə əks etdirən qısa idxal bəyannaməsini nəqliyyat vasitəsi gömrük sərhədinin buraxılış məntəqəsinə daxil olmazdan ən azı 1 (bir) saat əvvəl elektron qaydada gömrük orqanlarına göndərmək;
- idxal olunan malların şəxsin anbarlarına çatması barədə məlumatı əks etdirən elektron bildirişi gömrük orqanlarına dərhal göndərmək;
- ixracı nəzərdə tutulan mallara və nəqliyyat vasitələrinə dair məlumatları özündə əks etdirən gömrük bəyannaməsini ixrac olunan malların nəqliyyat vasitəsinə yüklənməsindən ən azı 1 (bir) saat əvvəl elektron qaydada gömrük orqanlarına göndərmək;
- idxal və ya ixrac edilən mallar və nəqliyyat vasitələri barədə düzgün məlumatları (çeşidi, sayı, texniki göstəriciləri, təyinatı, xarici iqtisadi fəaliyyətin mal nomenklaturu üzrə kodu və dəyəri) gömrük orqanlarına bəyan etmək;
- idxal əməliyyatlarında mövcud, yaxud gələcəkdə yarana biləcək gömrük borclarının ödənilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 258.1-ci maddəsində nəzərdə tutulmuş təminatı vermək;
- malların daşınmasını kənar müdaxilənin mümkün olmadığı təhlükəsiz nəqliyyat vasitəsilə həyata keçirmək;
-. gömrük orqanlarının razılığı əsasında gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan malların gömrük rəsmiləşdirilməsini gömrük orqanları əməkdaşlarının tərəfindən iş yerindən kənarda və iş vaxtından kənar saatlarda aparması;
- gömrük işi sahəsində yeniliklər, ən yaxşı təcrübələr, habelə beynəlxalq təşkilatların tövsiyə və standartları ilə bağlı təşkil edilən təlimlərdə iştirak.
Sabahdan bu tələblərə cavab verənlər “Yaşıl dəhliz”-dən istifadə edəcək – QAYDA
18:57
31 Yan 2019