Rusiyanın yüksək dəqiqlikli silah istehsal edən ORSIS şirkəti Ermənistanın Müdafiə Nazirliyi ilə əməkdaşlığını bərpa edir.
Eləcə də bax: “Kim təminat verir ki, İran maşınlarında silah daşınmır?”
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı ORSIS şirkətinin baş mühəndisi Maksim Baymetov “RİA Novosti”yə müsahibəsi zamanı deyib.
“Hazırda İrəvan ilə müqavilə öncəsi bir sıra danışıqlar aparılır və deyə bilərik ki, ORSIS erməni tərəfi ilə əməkdaşlıqda yeni səhifə açıb”, - deyə Maksim Baymetiv qeyd edib.
O, həmçinin bildirib ki, şirkət rəhbərliyi “Ermənistan-2021” sərgisi çərçivəsində Ermənistanın müdafiə naziri Arşak Karapetyanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib. Baymetovun sözlərinə görə, erməni tərəfi şirkətin məhsul çeşidi, həmçinin perspektivli silahlanma ilə maraqlanır.
Qeyd edək ki, ORSIS şirkəti 2019-cu ildə Ermənistanın Müdafiə Nazirliyi tərəfindən bir neçə milyon dollarlıq hərbi texnika tədarükü üzrə tenderin pozulmasından dərhal sonra Ermənistanın güc strukturlarının silah tədarükçülərinin “qara siyahı”sına daxil edilmişdi.