Rusiyanın “Tatspirtprom” şirkəti (Tatarıstan) Azərbaycanda yerli distribyutor “Carchioglu Group” ilə birgə araq zavodu açacaq. FED.az İnterfax-a istinadən xəbər verir ki, bu barədə “Kommersant” qəzeti yazır.
“Zavodun idarəçiliyi “RusAzəriSpirits” MMC tərəfindən həyata keçiriləcək. Cəmiyyətdə tərəfdaşların hər biri 50% pay sahibidir. İlkin mərhələdə müəssisədə ildə 190 min dekalitrdən çox araq istehsalı, gələcəkdə isə illik istehsal həcminin 400 min dekalitrə çatdırılması planlaşdırılır. İlk məhsul yaxın günlərdə buraxılacaq”, - deyə qəzet müəssisənin baş direktoru İrek Minaxmetova istinadən yazır.
Azərbaycandakı zavodda "Russkaya valyuta ”, “Xanskaya” və digər markalı araqların süzülməsi nəzərdə tutulur.
İ.Minaxmetovun sözlərinə görə, 3 il ərzində şirkət Azərbaycanda illik 5,5 mln. dekalitrə yaxın həcmlə araq bazarının 20%-ə qədərini tutmaq niyyətindədir.
O qeyd edib ki, 2018-ci ilin oktyabr ayından Azərbaycanda «Tundra» və «Graf Ledoff» markalı araqlar “Azəri” zavodunda doldurulurdu. Lakin müəssisənin gücünün kifayət etməməsi və “Tatspirtprom”un məhsullarına tələbatın artması səbəbindən holdinq ”Carchioglu Group” ilə zavod açmağa razılıq verib.
Baş direktor Azərbaycanda kontrafakt məhsulların payının çox olmasını əsas maneə hesab etsə də, ötən ilin əvvəlindən vəziyyətin dəyişdiyini deyib (Rusiya mənbələrinin qiymətləndirmələrinə görə, Azərbaycan bazarının 60-65%-i qanunsuz araq istehsalının payına düşür – “Kommersant”).*