Azərbaycanın qida sənayesinin ən böyük müəssisələrindən olan İmişli Şəkər Zavodunda 500 nəfər işçi ixtisar edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı «Qaynarinfo»ya istinadən xəbər verir ki, zavodun fəhlələriin sözlərinə görə, fəhlələrin işdən çıxarılmasına səbəb İmişli Şəkər Zavodunun maliyyə böhranı yaşamasıdır:
Eləcə də bax: «Paşa Holdinq» şəkər bazarına daxil olur – YENİ ZAVOD TİKİLƏCƏK
«Hazırda zavod işləyir. Zavodun heç bir bölməsi bağlanmayıb. Amma buna baxmayaraq, hazırda 450-500 nəfər işdən çıxarılıb. Deyirlər ki, maliyyə yoxdur. Pul olmadığından bizi ixtisara salıblar. Bütün fəhlələr isə işinə bərpa olunmaq istəyir. Etiraz səsimizi qaldırdıq. Aksiyaya İmişli Şəkər Zavodunun nümayəndəsi gəlib. Zavodun nümayəndəsi dedi ki, «məsələyə yenidən baxılacaq və bir ay müddətində işinizə qayıdacaqsınız». Amma dekabr ayında da hadasa 80 nəfər fəhlə ixtisara düşdü. Həmin vaxt da fəhlələrə "işə qayıdacaqsınız» vədini verdilər. Hələ həmin 80 nəfər işinə bərpa olunmamış 450-500 nəfər fəhlə də ixtisar olundu».
Eləcə də bax: «Azersun Holdinq»in prezidenti: «Pencəyimi də satmalı olsam, maaşları ləngitmərəm»
Xatırladaq ki, İmişli Şəkər Zavodu ölkənin ən böyük biznes qruplarından olan «Azərsun Holdinq»ə məxsusdur. Holdinqdən FED.az-a zavodda ixtisar olduğunu təsdiqləyiblər. Buradan verilən məlumata görə, «Azərbaycan Şəkər İstehsalat Birliyi» MMC-nin İmişli rayonunda yerləşən şəkər emalı zavodu ciddi böhran vəziyyəti ilə qarşılaşıb. Bunun əsas səbəbi Rusiyadan gətirilən və Azərbaycan bazarında qəsdən dəyərindən ucuz satılan şəkərdir: «Belə ki, 2016-cı ildən etibarən Rusiya Federasiyasından ölkəmizə şəkər tozu idxalının miqyası durmadan artmaqdadır. Üstəlik idxal olunan şəkər tozunun qiyməti dempinq siyasəti ilə formalaşır».
Eləcə də bax: "Azərsun"un şəkər biznesi 85,3% gerilədi
Holdinqdən etiraf edirlər ki, Rusiya şəkəri ilə rəqabət aparmaq mümkün deyil, zavodda şəkərin maya dəyərini aşağı salmaq üçün atılan bütün addımlar nəticəsiz qalıb: «İmişli şəkər zavodunda maya dəyərinin aşağı salınması, qiymətdə rəqabət qabiliyyətinin artırılması üçün milyonlarla ABŞ dolları ilə ölçülən investisiya qoyuluşları, həmçinin digər səmərələşdirici səylərin həyata keçirilməsinə baxmayaraq dempinqli idxal olunan məhsul ilə rəqabət aparılması obyektiv olaraq mümkün deyil».
Eləcə də bax: Azərbaycan Ukraynadan şəkər idxalında - İKİNCİ YERİ TUTUB
Holdinqdən bildirilib ki, məhz buna görə də, son illər, daha dəqiqi artıq 3 ildir ki, İmişli Şəkər Zavodu böyük zərərlə işləyirmiş: «Son illər müəssisəmiz külli miqdarda zərərlə fəaliyyət göstərir. Lakin Azərsun Holdinq rəhbərliyinin ölkəmizin sosial-iqtisadi inkişafı və regionda məşğulluğun təmin olunmasına verdiyi yüksək əhəmiyyətin nəticəsi olaraq müəssisəmizin fəaliyyəti indiyədək dayandırılmayıb. Hər kəsə məlumdur ki, İmişli rayonu başda olmaqla, Mərkəzi Aran bölgəsinin sosial-iqtisadı həyatında və işsizliyin aradan qaldırılmasında müəssisəmizin rolu həlledici dərəcədə mühimdir».
Müəssisə fəaliyyətini tam dayandırmasa da, məhdudlaşdırmalı olub: «Yaranmış bu böhran vəziyyətində, Holdinqimizin bütün xoş niyyətli səylərinə rəğmən müəssisəmizin tam gücü ilə ilboyu fəaliyyət göstərməsi çətinləşəcək»-deyə bildirilir.
Holdinqdən FED.az-a verilən açıqlamada deyilir ki, hazırda İmişli Şəkər Zavodunda ixtisar baş vermir, sadəcə istehsal müəssisəsinin fəaliyyətini dayandırması ilə bağlı ölkə qanunvericiliyinin tələbinə uyğun olaraq işçilərə ödənişlər edilir: «Durum belə davam edərsə istehsal müəssisəmiz 2020-ci ildən etibarən sadəcə payız mövsümündə məhdud miqdarda şəkər çuğunduru emalını həyata keçirməklə fəaliyyətini xeyli kiçiltməyə məcbur qalacaq ki, çox təəssüf, işçi heyətimizin sayına yenidən baxmalı olacağıq».