Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycanda Koronavirus “COVİD-19” pandemiyasına yoluxma hallarının qarşısının alınması məqsədi ilə aparılan profilaktik tədbirlərin gücləndirilməsi və həmrəylik göstərilməsi barədə çağırışına Azərbaycan hüdudlarından kənarda fəaliyyət göstərən xarici şirkətlər də qoşulmaqdadır.
FED.az xəbər verir ki, Rumıniyanın “Uni-Recycling SRL” şirkətinin sahibi cənab Cornel Varvara ölkə prezidenti İlham Əliyevin 19 mart 2020-ci il tarixli sərəncam ilə xəstəliyin yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək üçün yaradılmış “Koronavirusla Mübarizəyə Dəstək Fondu”na 20 min avro məbləğində vəsait köçürüb. Bununla yanaşı, ölkəmizdə virusa yoluxan xəstələrin müayinəsi və həkimlərin sözügedən xəstəlikdən qorunması üçün lazımi tibbi avadanlıqları Azərbaycana göndərməklə ölkə rəhbərinin çağırışına qoşulub.
Eyni zamanda cənab Cornel Varvara rumın iş adamlarına çağırış edərək Azərbaycan və bütün dünyada tüğyan edən koronavirus infeksiyasına qarşı mübarizədə səyləri birləşdirməyin vacibliyini bildirib.
Qeyd edək ki, 2005-ci ildən yaradılan şirkət dünyanın bir sıra ölkələrində neft və neft-kimya məhsullarından çirklənmiş ərazilərin təmizlənməsi, ekoloji və ətraf mühitin mühafizəsi sahəsində bir çox layihələri həyata keçirməkdədir.