“Rostselmaş” kombayn zavodu (”Rostselmaş” qrupuna daxildir) 2020-ci ildə Azərbaycanda yığım istehsalına başlamaq niyyətindədir.
FED.az xəbər verir ki, bu barədə müəssisənin baş direktoru Valeriy Maltsev keçirdiyi mətbuat konfransında bildirib.
Eləcə də bax: Azərbaycan Rusiyadan yük avtomobili alıb, balıq satacaq - SAZİŞLƏR İMZALANDI
“Biz hələ ki, yalnız niyyət sazişi imzalamışıq. İndi Azərbaycandakı tərəfdaşlarımızdan biri ilə danışıqlar aparırıq. Orada müxtəlif illərdə bazar 150-300 maşından ibarət olub. Biz yığım istehsalı layihəsini 2020-ci ildə işə salmağı planlaşdırırıq. Gələn il 40-50 ədəd maşının yığılması nəzərdə tutulur”, - deyə o qeyd edib.
Xatırladaq ki, 22-23 noyabr tarixlərində Moskvada keçirilən Rusiya-Azərbaycan forumunda “Rostselmaş” və “Azərmaş” (avtomobil istehsalı ilə məşğul olur, təsisçiləri “Iran Khodro” və “AzEuroCar” şirkətləridir) arasında respublikada kombaynların yığım istehsalının təşkilini nəzərdə tutan niyyət sazişi imzalanıb. Sənəd Nova modelli kombaynların yığımının təşkilini nəzərdə tutur. Son 10 il ərzində “Rostselmaş” Azərbaycana 400 ədəd taxılyığan maşın tədarük edib.
"İnterfaks-Azərbaycan"