Portuqaliya yığma komandasının və «Yuventus» klubunun hücumçusu Kriştianu Ronaldunun Avro-2020-də mətbuat konfransındakı hərəkəti – «Coca-Cola» butulkalarını masadan yığışdıraraq hamını bu içkidən imtina edib adi su içməyə çağırması «Coca-Cola»ya baha başa gəlib.
FED.az xəbər verir ki, şirkət bir neçə saata 4 milyar dollar pul itirib.
Avro-2020-nin sponsorlarından biri olan «Coca-cola»nın səhmləri Ronaldunun hərəkətindən sonra yarım saat ərzində birjada 1,6% ucuzlaşıb.
Nəticədə şirkətin bazar kapitalizasiyası 242 milyard dollardan 238 milyard dollara düşüb.
Ronaldu ilə bağlı bu hadisə iyunun 15-də baş verib. Mətbuat konfransına gələn futbolçunun masasında reklam məqsədilə 2 kola butulkası olub.
Amma Kriştianu içkini kənara qoyaraq adi su götürüb və onu jurnalistlərə nümayiş etdirib: «Bax bunu içmək lazımdır»-deyə futbolçu onu izləyənlərə səslənib.
Ronaldunun bu jestindən sonra AVRO-2020-yə qatılan 500 futbolçunun əksəriyyəti də kola içməyib.