Pandemiya nəticəsində tamamilə çökən Azərbaycanın iaşə sektoru məhdudiyyətlərin ləğv edilməsi ilə sürətlə özünə gəlməyə başlayıb.
FED.az xəbər verir ki, artıq restoran sektorunun göstəriciləri pandemiyadan əvvəlki dövrə qayıdır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, ilk yarım ildə Azərbaycanda ictimai iaşə sektorunun - restoran-kafe və oxşar obyektlərin ümumi dövriyyəsi 366,8 milyon manat təşkil edib.
Bu - hələlik ötən ilin eyni dövrü ilə müqayisədə 4,5% azdır. Ötən ilin ilk yarısında restoranların dövriyyəsi 377 milyon manat olmuşdu.
Amma rəqəmlər göstərir ki, restoran biznesi sürətlə ötənilki həddi keçməyə yaxınlaşır. Məsələ bundadır ki, 2020-ci ildə Azərbaycan restoranları cəmi 2 ay – yanvar və ferralda normal rejimdə işləyə bilmişdilər. Həmin vaxt restoranların ölkə üzrə dövriyyəsi yanvarda 112 milyon manat, fevralda isə 110 milyon manat olmuşdu.
Bundan sonra pandemiya və məhdudiyyətlər səbəbindən restoranlarda aylıq dövriyyə kəskin azalmış və aprel-iyun aylarında 25-35 milyon manata düşmüşdü. Ötən il restoranlar üçün ən pis ay aprel olmuşdu – aylıq dövriyyə cəmi 25 milyon manat. Müqayisə üçün bildirək ki, 2019-cu ilin aprelində restoranların gəliri bundan 4 dəfə artıq idi – 98 milyon manat.
Ümumilikdə 2020-ci ilin 2-ci rübündə - aprel-iyun aylarında restoranların ümumi dövriyyəsi cəmi 98 milyon manat olmuşdu. Halbuki 2019-cu ildə isə restoranlar həmin dövrdə 369 milyon qazanmışdılar.
İllik müqayisədə götürəndə 2020-ci ildə restoranların dövriyyəsi 2,2 dəfə azalaraq 760 milyon manat olmuşdu – yəni ayda təqribən 67 milyon manat.
2021-ci ildə isə məhdudiyyətlər zəiflədiyinə və bəzi sahələrdə tamamilə ləğv edildiyinə görə restoranların gəlirləri sürətlə artmağa və rekordlar vurmağa başlayıb.
Belə ki, yanvarda restoranların gəlirləri 35,5 milyon manat, fevralda 42,7 milyon manat olduğu halda, martda bu göstərici 60 milyon manata çatıb.
Aprel də dövriyyə 67 milyon (2020-nin aprelindən 2,6 dəfə artıq), mayda 76 milyon (2 dəfə artıq), iyunda isə 85,6 milyon manata (2,4 dəfə artıq) çatıb.
Nəticədə, əgər 1-ci rübdə restoranların dövriyyəsi 2020-ci ildən 2 qat az idisə, 2-ci rübdə restoranların dövriyyəsi 2020-ci ili 2 dəfədən çox üstələyərək 228 milyon manata yüksəlib.
2021-ci ildə restoranların dövriyyəsi və 2020-ci illə müqayisə
Yanvar ayı – 35,5 milyon manat – 3,2 dəfə azalma
Yanvar-fevral – 78,1 milyon manat – 2,9 dəfə azalma
Yanvar-mart - 138 milyon manat – 2 dəfə azalma
Yanvar-aprel - 205,2 milyon manat - 33% azalma
Yanvar-may - 281,2 milyn manat – 19% azalma
Yanvar-iyun - 366,8 milyon manat – 4,5% azalma.
Toy məclislərinə icazə verilməsi və şadlıq evlərinin müəyyən məhdudiyyətlər və şərtlər daxilində (iştirakçılardan vaksinlənmə və kovid pasportunun tələb olunması, qonaq sayının 150 nəfəri keçməməsi və sair – FED.az) olmaqla fəaliyyətə başlaması nəticəsində iaşə dövriyyəsinin qarşıdakı aylarda daha da böyüyəcəyi gözlənilir.