Azərbaycanda son vaxtlar sürətlə böyüyən restoran biznesinin gəlirləri açıqlanıb. FED.az xəbər verir ki, bu ilin birinci rübündə ölkə restoranlarının rəsmi dövriyyəsi 300 milyon manatı keçib. Rəsmi məlumatlara görə, ilk 3 ayda ölkə restoranlarının dövriyyəsi 302,5 milyon manat təşkil edib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 3,8% artıqdır.
Eləcə də bax: Azərbaycanda “biznes cənnəti” yaradılır - VİDEO
Bakı – restoranlar paytaxtıdır
Restoran biznesinin böyük hissəsi Bakıda cəmləşib. Paytaxtda demək olar ki, hər gün müxtəlif formatlı və mətbəxli restoranların açılması özünü dövriyyənin yüksəlməsində də göstərib. İlk rübdə paytaxt restoranlarının rəsmi dövriyyəsi 205,3 milyon manat təşkil edib. Başqa sözlə, ölkə üzrə restoranların qazandığı hər 3 manatın 2 manata Bakının payına düşür. Ötən ilin ilk 3 ayı ilə müqayisədə restoranların dövriyyəsi 3,6% yüksəlib. Başqa sözlə, ötən illə müqayisədə restoranların dövriyyəsi 7 milyon manatdan çox artıb.
Regionlarda restoranların gəliri daha sürətlə artıb. İlk 3 ayda bölgə (yəni Bakıdan kənar, bura Sumqaıt və Abşeron da aiddir) restoranlarının dövriyyəsi 97,2 milyon manat olub. Bu ötən illə müqayisədə 4 milyon manat və ya 4,3% artıqdır.
Eləcə də bax: Bakı Pub-larında pivə setləri – SİYAHI, QİYMƏTLƏR
Bakıdan sonra restoranların gəlirlərinə görə sonrakı yerləri GƏncə və Sumqayıt tutur. Gəncə restoranları bir rüb ərzində 8,8 milyon manat, Sumqayıtda isə 8,7 milyon manat qazanıblar. Burada ötən illə müqayisədə ciddi artım yoxdur – 0,9-1,5%.
Gəncə və Sumqaıtdan sonra ölkədə restoranlarının gəlirləri ən çox artan bölgə – Qəbələdir. Turizm mərkəzi kimi tanınan Qəbələdəki restoranlar ilk 3 ayda rəsmi rəqəmlərə əsasən 3 milyon 955 min manat qazanıblar. Burada diqqəti çəkən məqam Qəbələdəki restoranlarının gəlirlərinin həcmi ilə yanaşı, gəlirlərin təqribən 60% artmasıdır.
Eləcə də bax: Məşhur restoran satışa çıxarıldı – QİYMƏT
Maraqlıdır ki, ölkənin digər turizm bölgələrindəki restoranlar belə məbləğlərə nail ola bilməyiblər. Məsələn Şəkinin restoranları ilk rübdə cəmi 1 milyon 257 min manatlıq alver ediblər. Ötən illə müqayisədə artım 9% təşkil edib.
Eləcə də bax: Bakıda restoran almaq sərfəlidirmi? – QİYMƏTLƏR