Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov və Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid iyunun 12-də “Caspian European Club tərəfindən Hyatt Regency Baku” otelində təşkil olunmuş CEO Lunch Baku-da fəxri qonaq qismində iştirak ediblər.
FED.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov, Azərbaycan Turizm Bürosunun baş icraçı direktorunun müavini Bəhruz Əsgərov, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin turizm siyasəti və strategiya şöbəsinin müdiri Məhəmməd Muradov da həmçinin CEO Lunch-ın fəxri qonaqları olublar.
Tədbir Caspian European Club-un Parlament komitəsi ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olan üzv şirkətlərinin çoxsaylı müraciətləri əsasında təşkil olunub. CEO Lunch Baku-da qeyri-rəsmi şəraitdə aşağıdakı mövzular müzakirə olunub: Xəzər dənizinin hüquqi satusuna dair Konvensiyanın imzalanmasından sonra biznes üçün perspektiv və imkanlar; Azərbaycanın qonaqpərvərlik sənayesinə investisiya; turizm sektorunun sürətli inkişafı: bu günü və sabahı. Eyni zamanda PNB Bankın , “Baroque Style” və “Qala Həyat” siğorta şirkətinin təqdimatları dinlənilib. CEO Lunch Baku iştirakçıları həmçinin onları maraqlandıran suallara cavab almaq imkanı əldə ediblər.
Tədbirdə Xələf Xələfova və Florian Zenqstşmidə Caspian European Club-un fəxri üzvlük sertifikatları təqdim olunub. Caspian European Club-un yeni üzvləri olan Universal Pro və CJ İCM Logistics şirkətlərinə də üzvlük sertifikatları təqdim olunub.